Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev Almaniyanın ən çox əhaliyə malik olan (18 milyon) və ÜDM-in həcminə (733 milyard dollar) görə ilk yeri tutan federal torpağı – Şimali Reyn-Vestfalya əyalətinə səfər edib.
Bu barədə Modern.az-a səfirlikdən məlumat verilib.
Səfərdə məqsəd əyalətin yüksək səviyyəli təmsilçilərinə ölkəmizin iqtisadiyyatı, ölkəmizdə mövcud olan sərmayə imkanları barədə məlumatların verilməsi, habelə Almaniyanın ən zəngin əyalətlərindən sayılan Şimali Reyn-Vestfalya federal torpağında fəaliyyət göstərən şirkətlərin Azərbaycana sərmayə qoymasının təşviq edilməsindən ibarət olub.
N.Ağayev səfəri çərçivəsində Şimali Reyn-Vestfalya federal torpağının Landtaqının (parlament) sədri Andre Kuper ilə görüşüb. Görüşün keçirildiyi Landtaqın qarşısında Azərbaycan bayrağı dalğalandırılıb. N.Ağayev görüşdə həmsöhbətini ölkəmizdə həyata keçirilən islahatlar, Azərbaycanın təşəbbüskarı və iştirakçısı olduğu qlobal layihələr, siyasi, iqtisadi, sosial və digər sahələrdə əldə olunmuş nailiyyətlər barədə məlumatlandırıb. Görüş zamanı Azərbaycan və Almaniya, eləcə də onun federal torpaqları arasında əlaqələrin genişlənməsində parlamentlərarası münasibətlərin böyük önəm daşıdığı vurğulanıb. Görüşdən sonra səfir N.Ağayev Şimali Reyn-Vestfalya federal torpağının Landtaqının qonaq kitabına imza atıb.
Səfir N.Ağayev sonra Şimali Reyn-Vestfalya federal torpağının paytaxtı Düsseldorf şəhərinin meri Ştefan Keller ilə görüş keçirib. N.Ağayev görüş zamanı qarşı tərəfə Azərbaycandakı əlverişli biznes mühiti, güclü nəqliyyat-logistika potensialı, bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlıq perspektivləri, habelə Bakı Dəniz Ticarət Limanı və Ələt Azad İqtisadi Zonasının imkanları barədə məlumat verib. Görüşdə ikitərəfli səfərlərin vacibliyinə toxunularaq, yaxın gələcəkdə Azərbaycandan Şimali Reyn-Vestfalya federal torpağına iqtisadi nümayəndə heyətinin səfərinin həyata keçirilməsi təklif olunub. Görüşdən sonra N.Ağayev Düsseldorf şəhərinin qonaq kitabına ürək sözlərini yazıb.
Səfər çərçivəsində N.Ağayev, həmçinin Şimali Reyn-Vestfalya əyalətində yerləşən, Almaniyanın ən mühüm enerji şirkətlərindən olan “UNIPER” şirkətinin rəhbərliyi, Düsseldorf Sənaye və Ticarət Palatasının təmsilçiləri və digər müəssisələrin nümayəndələri, habelə Azərbaycan icmasının Düsseldorf və yaxın şəhərlərdə yaşayan bəzi fəalları ilə görüşüb, Rotary Club təşkilatının üzvləri qarşısında Azərbaycana dair təqdimatla çıxış edib.