Ağdam, Füzuli və Xocavəndə birgünlük turlar təşkil olunacaq

Dövlət Turizm Agentliyi “Qarabağ Zəfər Marşrutları” konsepsiyası çərçivəsində “Yolumuz Ağdama” və “Füzuli və Xocavəndə” adlı birgünlük turların layihəsini hazırlayıb, Şuşa şəhərinin və Daşaltı kəndinin turizm inkişaf planını hazırlayaraq aidiyyəti üzrə təqdim edib.

 

Bunu Agentliyin sədri Fuad Nağıyev bildirib.

 

Onun sözlərinə görə, son iki ildə qurum Qarabağın və Şərqi Zəngəzurun turizm potensialının öyrənilməsini, müvafiq olaraq konsepsiya sənədlərinin və layihələrin hazırlanmasını həyata keçirib: “Bu baxımdan, 3 əsas istiqamət üzrə işlər icra olunub. Bunlar mövcud və yeni turizm-rekreasiya zonalarının yerinin dəqiqləşdirilməsi, nəqliyyat dəhlizləri boyu, eləcə də tematik turizm marşrutları üzrə turizm imkanlarının dəyərləndirilməsidir. Həmçinin, artıq bir neçə layihənin icrasına başlanılıb. Bu ilin mart ayında Suqovuşanda Prezidentin iştirakı ilə turizm kompleksinin təməlqoyma tədbiri baş tutdu. Bu kompleks Suqovuşan su anbarı ətrafında infrastruktur və xidmətlərin yaradılması, qəsəbənin rekreasiya imkanlarının artırılması və aktiv turizm fəaliyyətlərini özündə əks etdirən “Suqovuşan Turizm İnkişaf Konsepsiyası” sənədi əsasında yaradılacaq. Eyni zamanda Ağdamda tarixi Şahbulaq qalası ətrafında turizm imkanlarının qurulması üzrə layihə hazırlanaraq, ilkin rekreasiya infrastrukturu qurulub”, – deyə o qeyd edib.

 

“Bütövlükdə, Füzuli, Xocavənd, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin turizm imkanların qiymətləndirilməsi aparılaraq, işğaldan azad edilmiş ərazilərdə turizmin inkişafı ilə bağlı Regional Turizm Strategiyası və Fəaliyyət Planının layihəsi hazırlanıb. Yaxın günlərdə Şuşaya turizm səfərlərinin təşkil edilməsi üçün işlərimizi yekunlaşdırmaq üzrəyik. Artıq vətəndaşlarımız digər yerlərə olduğu kimi, Şuşaya da turizm səfərləri edəcəklər. Bir sözlə, Qarabağın turizm potensialının öyrənilməsi, reallaşdırılması, tanıdılması üçün çoxistiqamətli tədbirlər icra olunur”, – deyə sədr əlavə edib.

Mənbə

Share: