Sənətçilərdən bəzilərinin Xankəndi – Laçın yolunun Şuşa şəhəri yaxınlığından keçən hissəsində keçirilən etiraz aksiyasından xəbəri yoxdur.
Azərbaycanlı ictimai fəalların bütün dünyaya səs salan aksıyasına okeanın o tayından – ABŞ-dan, uzaq Avropadan və digər ölkələrdən reaksiya bildirilsə də, Bakıda bu haqda xəbərsiz olanlar varmış. Baxmayaraq ki, üç gündür sosial şəbəkələr, xəbər saytları, TV və radiolar Qarabağdakı rusiyalı sülhməramlılarının və erməni separatçıların qanunsuz fəaliyyətinə qarşı keçirilən aksiyadan informasiya və videolar yayırlar.
Aksiya barədə məlumatsız olduqlarını sənətçiərin özləri Modern.az-a etiraf ediblər.
Belə ki, əməkdaşımız Xalq artisti Gülyanaq Məmmədovadan Laçın yolundakı aksiya haqqında fikirlərini öyrənməyə çalışıb. Lakin müğənni təəccüblə söhbətin hansı aksiya barədə getdiyini soruşub və ardınca da bu haqda heç bir məlumata malik olmadığını deyib:
“Bu haqda heç bir məlumatım yoxdur. Amma həmişə vətənimin, xalqımın yanındayam. İşlərimin çoxluğu səbəbindən hadisələrdən xəbər tutmamışam”.
Daha bir tanınmış müğənni, İkinci Qarabağ müharibəsindən sonra Xankəndi şəhərinin şərəfinə “Kəndinə qayıdır Xan” mahnısı ilə gündəmə gələn Xatirə İslam da deyib ki, Laçın yolundakı aksiyalardan xəbərsizdir. Əməkdaşımız ondan bu günlərdə Laçın yolundakı aksiyaya qatılıb-qatılmayacağını soruşub:
“Siyasi məsələlərdən uzağam, prosesləri izləmirəm. Ona görə heç bir məlumatım yoxdur. Amma Azərbaycanımız üçün istənilən addımı atmağa hazıram. Belə bir təşəbbüs olarsa, gedib orada “Kəndinə qayıdır Xan” mahnımı da ifa edərəm”.