Dünyasını dəyişmiş kişinin “gecə səyahətləri” oğluna rahatlıq vermir: Yenə radara düşüb

Azərbaycanda beş il əvvəl vəfat edən şəxsə ikinci dəfə cərimə yazıblar. 

 

Bu barədə məlumat sosial şəbəkədə onun oğlu tərəfindən paylaşılıb. 

 

Belə ki, Sabirabadın vəfat etmiş sakini Əliyev Elman Mirzəcan oğluna məxsus 52-BE-799 dövlət nömrə nişanlı “Moskviç” markalı avtomobilinə bu günlərdə növbəti dəfə cərimə protokolu göndərilib.

 

Qeyd edək ki, Sabirabad Rayon Dövlət Yol Polisi İdarəsindən poçt vasitəsilə onun vaxtilə yaşadığı ünvana həmin avtomobilə texniki baxışdan keçmədiyi üçün İnzibati Xətalar Məcəlləsinin 339.1-1 maddəsi ilə 19.09.2022-ci il gecə saat 00:51 radələrində Sabirabad-Hacıqabul yolunun 46,2-ci km-də tərtib edilmiş 50 manatlıq cərimə protokolu göndərilmişdi.

 

Xatırladaq ki, Əliyev Elman Mirzəcan oğlu 20.06.2018-ci ildə vəfat edib. 

 

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsinin baş inspektoru, polis kapitanı Toğrul Nəsirli Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, “KamAZ” markalı 54-BL-799 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin sürücüsü dövlət qeydiyyat nişanına qanunsuz müdaxilə edərək, “L” hərfini “E” hərfinə çevirib:

“Həmin şəxs saxlanılaraq barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) 342.7-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb edilib və 4 bal 60 manat məbləğində cərimə tətbiq edilib. Lakin həmin sürücü inzibati tənbeh tədbirindən nəticə çıxarmadan eyni qanun pozuntusunu təkrarlayıb. Həmin məsələ artıq öz müsbət həllini tapıb. Qayda pozan sürücünün növbəti dəfə inzibati məsuliyyətə cəlb edilməsi istiqamətində müvafiq tədbirlər həyata keçiriləcək”.

(Oxu.az)

Mənbə

Share: