
“Qarabağdakı qondarma qurum öz mövcudluğunu Rusiyanın “sülhməramlı” adlanan kontingenti ilə hərtərəfli işbirliyi həyata keçirərək qoruyub saxlayır…”
“İkinci Qarabağ savaşının nəticələrinə görə, artıq Azərbaycan dövləti həmin bölgədəki tanınmayanmı, separatçımı – onu müxtəlif cür adlandıra bilərlər- qondarma bir qurumun olmasını qəbul etmir, inkar edir. Amma Rusiya tərəfi israrla çalışır ki, Azərbaycanın Qarabağ bölgəsində belə bir qurum olduğunu qəbul etdirsin. Əslində faktiki həmin qurum var – onun tanınıb tanınmamasından asılı olmayaraq – özü də fəaliyyətdədir. Bu qondarma qurum öz mövcudluğunu həm də əraziyə nəzarət edən Rusiyanın “sülhməramlı” adlanan kontingenti ilə hərtərəfli işbirliyi həyata keçirərək qoruyub saxlayır”.
Moderator.az-a açıqlamasında bu fikirləri siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu ifadə edib.
“Onu da qeyd etmək lazımdır ki, Şuşa-Xankəndi yolundakı məlum aksiya başlanandan Qərb mediasından daha çox Rusiya mediası ermənilərlə paralel bu mövzu ətrafında Azərbaycana yönəlik şou yaratmağa çalışır. Yəni: “ermənilər blokadadır”, “soyuqdan donurlar”, “insanlar yollarda qalıb”, “uşaqlar ölür” və s. O da diqqət çəkir ki, bizə qarşı təbliğatda Rusiyanın daha çox dövlət mediası yox, guya Putin hakimiyyətinə “müxalif” olan, guya “liberal” olan və xarici ölkələrdə mənzillənən media fəallıq göstərir. Bu da təsadüfi deyil. Mən həmişə demişəm ki, Rusiyada heç bir “müxalif”, “demokrat”, “liberal”, nə bilim, “hakimiyyətə müxalif” zümrə yoxdur. Bunların hamısı Kremlə xidmət edən fiqurlardır. Sadəcə olaraq hər birinin öz rolu var”- açıqlamasının davamında bunları söyləyən analitik hesab edir ki, Azərbaycan Qarabağda yaranmış duruma münasibəti ilə bağlı Rusiyadan davamlı şəkildə izahat tələb etməlidir.
“Bir sözlə, həm Rusiyanın, həm Qərbin mediası, ictimai təşkilatları və s. vasitəsilə Azərbaycan ətrafında yaradılan bu rəy, bu atmosfer Moskvaya rəvac verir ki, Azərbaycanın daha mənfi obrazda təqdim olunduğu müəyyən mərhələdə, – təəssüf ki, bu gün artıq bu baş verməkdədir – Şuşa-Xankəndi yolundakı etirazçıların tələblərinə rədd cavabı versin. Və hətta ola bilsin, aksiyaçılara qarşı müəyyən addımlar da atsın, bir güc tətbiqinə də rəvac versin, şərait yaratsın. Biz onu da dəfələrlə demişik ki, bu gün Qarabağda, eləcə də Ermənistanla sərhəddə güc əməliyyatı, hərbi qarşıdruma yalnız Rusiyanın marağındadır. Kreml bölgəyə əlavə qüvvə, kontingent yerləşdirmək üçün bir rəvac, bir bəhanə axtarır… Bax, hadisələr bu istiqamətdə inkişaf edə bilərmi? Təəssüf ki, belə bir ehtimal var. Və məndən soruşsaydılar ki, bəs yaxşı, bu halda Azərbaycan nə etməlidir. Cavab verərdim ki, Azərbaycan bəhs edilən aksiyanı yumşaq şəkildə davam etdirməklə başqa taktiki addımlar da atardı. O cümlədən Rusiyadan davamlı şəkildə izahat tələb edərdi. Amma gördüyümüz kimi, hələlik Rusiyaya bir nota verilib və bunun davamı yoxdur. Ona görə də aksiyanın uğurla bitəcəyini söyləmək hələ çətindir” -deyə siyasi ekspert bildirib.
Sultan Laçın