
“Azərbaycanın eko-fəalları və ictimaiyyət nümayəndələrinin Laçın-Şuşa-Xankəndi yolunda artıq iki həftəyə yaxındır ki, davam edən haqlı və ədalətli etiraz aksiyası bir sıra beynəlxalq təşkilat və ölkələr tərəfindən yanlış qiymətləndirilsə də, bu, xalqımızın Qarabağdakı suverenliyimizin tam bərpası uğrundakı mübarizənin bir parçasıdır… Guya Qarabağdakıların yollarını bağladığımızı car çəkən işğalçı, separatçı ruhlu erməni tərəfi və onları dəstəkləyən Rusiya və Qərbdəki havadarları Azərbaycanın minbir itkiyə, işgəncəyə, dərdə-əzaba məruz qalmış 1 milyondan çox vətəndaşının 30 ildən çox öz vətəninə, yurduna həsrət qalmasını unudurlar. Hələ bu gün də Yuxarı Qarabağdan və Qərbi Azərbaycandan qaçqın-köçkün düşmüş yüz minlərlə soydaşımızın öz doğma dədə-baba yurdlarını, qəbiristanlıqlarını görmək imkanından tam məhrumdurlar”
Bu fikirləri Moderator.az-a açıqlamasında şəhid Milli Qəhrəman Şirin Mirzəyevin xanımı, Milli Məclisin keçmiş üzvü Flora Qasımova ifadə edib.
“Bu gün dünyanın gözü qarşısında 32 ildən çoxdur ki, Naxçıvan, demək olar ki, blokada şəraitində, Azərbaycandan təcrid olunmuş vəziyyətdədir. 44 günlük savaşdan sonra biz Laçından Qarabağ ermənilərinə yol versək də, Ermənistan Zəngəzur dəhlizini açaraq Naxçıvana yol verməkdən imtina edir. Həmçinin biz bu gün əvvəlki kimi, Bərdədən qısa yolla Ağdamdann keçib Xocalıya, Xankəndinə, Şuşaya, Laçına, eləcə də Tərtərdən Ağdərə yoluyla Kəlbəcərə gedib-gəlmək imkanından məhrumuq. Ancaq dünya birliyi, nə Rusiya, nə də Qərb buna görə ermənilərə “gözün üstə qaşın var” demirlər” -açıqlamasının ardında bunları söyləyən şəhid xanımı bu gün Qarabağdakı mədənlərin ekoloji problem yaratdığını inkar edən ermənilərin İkinci Qarabağ savaşından az öncə özlərinin separatçı rejimin qanunsuz fəaliyyətinin o torpaqlarımızda törətdiyi ekoloji problemləri dünyaya car çəkdiklərini xatırladıb.
“Ermənilər bu gün Laçın yolundakı aksiyamızda qaldırılan ekoloji problemləri inkar edirlər. Ancaq unudurlar ki, özləri vaxtilə Qarabağda Ermənistan və separatçı rejimin qanunsuz fəaliyyətlərinin törətdiyi ekoloji problemləri dünyaya car çəkirdilər. Yadınızdadırsa, hələ 44 günlük savaşdan bir müddət öncə 2020-ci ilin yanvarında Ermənistandan gələrək işğal altındakı Kəlbəcərdə qanunsuz məskunlaşmış erməni fəal, politoloq Aleksandr Kənanyan Kəlbəcərdə, o cümlədən Laçında Tərtərçay və Həkəri çayları üstündə kiçik su elektrik stansiyasının tikilməsinə etiraz olaraq günlərlə aclıq aksiyası keçirmişdi. Həmin erməni bəhs edilən və digər obyeklərin Qarabağda ətraf mühitə fəlakətli ölçülərdə ziyan vurduğunu, canlıların, xüsusən də nadir balıq növlərinin məhvinə və s. səbəb olduğunu göstərirdi. Kənanyana kəlbəcərdəki erməni məktəblilər, eləcə d Xankəndi və digər məntəqələrdəki fəallar da qoşulduqdan sonra separatçı rejim bir müddət tikintiləri məhdudlaşdırdı. Bəs elə isə bu gün Qarabağdakı sadə ermənilər Azərbaycanın dediklərinin niyə inkar edirlər? Bilsinlər ki, bu gedişlə onlar Rusiyanın, Fransanın himayə etdiyi separatçı-terrorçu rejimin girovu olaraq heç vaxt rahat, dinc və firavan həyat sürə bilməyəcəklər” – deyə sabiq deputat vurğulayıb.
Sultan Laçın