
Prezident İlham Əliyevin “güclü dövlət” konsepsiyasına nəzər salsaq, görərik ki, məhz bu konsepsiyanın əsasını təşkil edən üç mühüm güc – iqtisadi, siyasi, hərbi güc və onların vəhdəti Azərbaycanın Vətən müharibəsinin başlıca hərəkətverici qüvvəsi oldu. Ötən illər həm də onu göstərdi ki, Prezident İlham Əliyev qurucu, birləşdirici, Azərbaycan xalqının bütün istək və arzularını həyata keçirən, öz siyasətində Azərbaycan dövlətinin və xalqının maraqlarını ən ali məqsəd kimi görən və bütün qüvvəsini bu istiqamətdə səfərbər edən, xalqın birmənalı şəkildə dəstəklədiyi, etimad göstərdiyi və etibar etdiyi liderdir.
“Bu gün beynəlxalq münasibətlərdə “kim güclüdür, o da haqlıdır” prinsipi üstünlük təşkil edir”. Bu fikri öz çıxışlarında, bəyanatlarında dəfələrlə vurğulayan Prezident İlham Əliyev güclü siyasi iradəsi ilə güclü dövlət konsepsiyasını həyata keçirməklə iqtisadi, siyasi və hərbi güc yaratmağa nail oldu. Bu üç gücün vəhdəti Dağlıq Qarabağ münaqişəsini tarixə qovuşdurdu, bölgədə yeni reallıqlar yaratdı.
Millət vəkili Tamam Cəfərova Moderator.az-a açıqlamasında belə deyib.
O qeyd edib ki, Prezident İlham Əliyev bu gücə arxalanaraq 44 günlük müharibə dövründə həm də informasiya cəbhəsində xalqının, ölkəsinin maraqlarını qətiyyətlə müdafiə etdi. Xarici KİV-lərə çoxsaylı müsahibələrində praqmatik siyasətçi, hadisələri, prosesləri dəqiq qiymətləndirən, öz mövqeyini təkzibolunmaz arqumentlərlə əsaslandırmağı bacaran lider olduğunu nümayiş etdirdi. Beləliklə, Prezident İlham Əliyev ata vəsiyyətini şərəflə yerinə yetirdi, xalqına, məcburi köçkünlərə verdiyi sözə sahib çıxdı, güclü Azərbaycan yaradaraq düşməni onunla hesablaşmağa vadar etdi. Azərbaycanın ərazi bütövlüyünü bərpa edən müdrik lider, böyük strateq, qalib sərkərdə kimi adını əbədi olaraq tarixə yazdırdı, 44 günlük Vətən müharibəsinin əsl qəhrəmanına çevrildi. Vətən müharibəsində əldə etdiyimiz möhtəşəm qələbə Prezident İlham Əliyevin 19 illik quruculuq fəaliyyətinin Zəfər zirvəsidir.
30 il həsrətində olduğumuz torpaqlarımız Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Ordumuz tərəfindən 44 günlük Vətən Müharibəsində erməni işğalından azad olundu, ərazi bütövlüyümüz və tarixi ədalət bərpa edildi. Müharibənin nəticəsində 300-dən çox şəhər və kənd döyüş meydanında işğaldan azad edildi. Düşmən ağ bayraq qaldırdı, təslim oldu və məcbur oldu ki, noyabrın 9-dan 10-na keçən gecə kapitulyasiya aktına imza atsın. Ulu Öndər Heydər Əliyevin adı Azərbaycanın dövlətçilik tarixinə müstəqil Azərbaycanın memarı kimi daxil olubsa, Prezident İlham Əliyevin adı Azərbaycanın dövlətçilik tarixinə Xilaskar Lider və bütöv Azərbaycanın memarı kimi qızıl hərflərlə yazıldı, Tamam Cəfərova belə deyib.
O qeyd edib ki, 44 günlük müharibə Azərbaycan Silahlı Qüvvələrinin qüdrətini, eləcə də Azərbaycan zabitinin, gizirinin, əsgərinin vətənpərvər və azadlıqsevər ruhunun gücünü göstərdi. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev hərbçilərlə görüşündə bildirmişdir: “Biz bir daha gücümüzü göstərdik, xalqımızın birliyini göstərdik. Göstərdik ki, heç bir qüvvə bizim qabağımızda dura bilməz, heç bir qüvvə bizi haqq yolumuzdan döndərə bilməz. Bu tarixi missiyanı siz icra etmisiniz – Azərbaycan əsgəri, Azərbaycan giziri, Azərbaycan zabiti icra edib”.
Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf edən Azərbaycan Silahlı Qüvvələri bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz xalqına Qələbəni bəxş etmiş müzəffər Orduya çevrilmişdir. 2003-cü ildən etibarən ordu quruculuğu məsələləri dövlət siyasətinin prioriteti kimi müəyyən olunmuşdur. Planlı və ardıcıl şəkildə görülmüş işlər Azərbaycan ordusunu dünyanın ən güclü 50 ordusu sırasına yüksəltdi. Ötən dövrdə Silahlı Qüvvələrin maddi-texniki təchizatının yenilənməsi, müasir infrastrukturun yaradılması, hərbi qulluqçuların sosial müdafiəsi, mənzil təminatının yaxşılaşdırılması, həmçinin müdafiə sənayesinin inkişaf etdirilməsinə Prezident İlham Əliyev tərəfindən xüsusi diqqət ayrılıb. Azərbaycanda son illərdə formalaşan və dinamik inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Azərbaycan öz zavodlarında istehsal etdiyi hərbi təyinatlı məhsullarla ordumuzu əhəmiyyətli dərəcədə təchiz edə bilir.
Fikirlərinin davamı olaraq, millət vəkili qeyd etdi ki, ölkəmizdə silah və hərbi texnikaların satın alınmasına və hərbi məhsulların istehsalına dair beynəlxalq əməkdaşlıq əlaqələri dayanmadan artırılıb. Müharibədən sonra Orduya ayrılan xərclər azalmayıb, əksinə, artırılıb. Müharibədən sonra imzalanmış yeni kontraktlar icra edilir. Yeni kontraktlar əsasında artıq Azərbaycana Ordumuzun təchizatı üçün ən müasir silahlar, texnikalar gətirilir. Həm hərbi texnikanın alınması, həm hərbi xərclərin artırılması, eyni zamanda, hərbçilərin maaşlarının artırılması onu göstərir ki, müharibə başa çatsa da, ordu quruculuğu prosesi dayanmayacaq.
Prezident İlham Əliyev böyük uzaqgörənliklə ordu quruculuğu məsələlərini prioritet sahə kimi müəyyən etmiş və bu siyasətin istiqamətini göstərmişdir: “Əminəm ki, Azərbaycan gücləndikcə ordumuz da güclənəcək. Ordumuz istənilən vəzifəni həll etməyə hazırdır, buna qadirdir. Azərbaycan ordusu nəinki bölgədə, həm hərbi potensialına, həm döyüş qabiliyyətinə, həm də təchizatına görə dünya miqyasında güclü ordular sırasındadır. Düşmən bilməlidir ki, biz istənilən anda məsələni hərbi yolla həll edə bilərik”.
Bu gün öz gücü və qüdrəti ilə seçilən, qarşıya qoyulan bütün vəzifələri layiqincə yerinə yetirmək imkanına malik olan Azərbaycan Ordusu NATO standartları səviyyəsində formalaşmışdır, dünyanın güclü orduları sırasında öz yerini möhkəmlətmiş, Vətən müharibəsi zamanı göstərdiyi hərbi şücaəti, hərbi bacarığı ilə dünya ordularının müharibə doktrinalarını, taktikalarını dəyişdirmə zərurəti yaratmışdır.
Bu gün xalqımız Azərbaycan Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında gələcəyə böyük ümidlə, ruh yüksəkliyi ilə baxır, işğaldan azad olunmuş ərazilirimizdə nəhəng infrastruktur layihələri, quruculuq işləri həyata keçirilir, Böyük Qələbənin nəticəsində yaradılmış yeni reallıq Qarabağın bərpası və inkişafını nəzərdə tutan Böyük Qayıdış strategiyasının aktuallığını təmin edir. Sözügedən strategiya yeni infrastrukturun yaradılması ilə yanaşı, işğaldan azad olunmuş ərazilərin ümumən regionun yeni inkişaf modelinə çevirməkdən ibarətdir. Belə ki, layihələndirmə işlərində tətbiq olunan yeniliklərin bir çox dövlətlər üçün nümunəvi model kimi qəbul olunması və məsələ ilə bağlı səslənən beynəlxalq etiraflar Qayıdış strategiyasının effektivliyi və perspektivliyi haqqında xəbər verir. Bu nöqteyi-nəzərdən Müzəffər Ali Baş komandan, Prezident İlham Əliyevin 16 noyabr 2022-ci il tarixli müvafiq sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışına dair I Dövlət Proqramı” ölkə Başçısının praqmatik,uzaqgörən və müdrik siyasətinin növbəti təzahürüdür.
Müzəffər Ali Baş Komandanın böyük sərkərdəlik məharəti, güclü iradəsi, qətiyyəti, məqsədyönlü siyasəti, yenilməz ordumuzun şücaəti, xalqın Prezidentinə olan birmənalı dəstəyi, xalq-dövlət monolit birliyi gələcəyə inamımızı, qurub-yaratmaq ruhumuzu daha da gücləndirir.
Möhtərəm Prezident İlham Əliyevi doğum günü münasibətilə ürəkdən təbrik edir, qüdrətli Azərbaycan naminə yorulmaz fəaliyyətində uğurlar arzulayıram.Uca Allah Prezidentimizi və dövlətimizi qorusun!