Rusiyanın Kemerovo şəhərində ölümcül yanğın baş verib. Gecələmək və sığınmaq üçün quraşdırılmış ikimərtəbəli taxta bina sakinlərilə birgə yanıb. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, 22 nəfər həlak olub, daha 6 nəfər zərər çəkib.
Moderator.az xəbər verir ki, bu barədə “İnterfaks” agentliyi məlumat yayıb.
“Tavriya küçəsində şəxsi ev yanıb. Müəyyən edilib ki, o, gizli şəkildə yaşlı adamların sutka ərzində saxlanması üçün istifadə edilib. Orada yanğın söndürmək üçün heç bir sistem olmayıb”, – məlumatda belə deyilir.
Yanğınsöndürənlər hadisə yerinə gələndə binanın dam örtüyü alov içində olub.
Yanğın yüksək dərəcəli hesab olunub. Onun söndürülməsinə 80 nəfər və 28 vahid texnika cəlb edilib.
Buna baxmayaraq, ev tamamilə yanıb, yalnız birinci mərtəbənin qalığı qalıb.
Yanğınıb ilkin səbəbi istilik qazanında nasazlıq olduğu deyilir.
Region prokurorluğu yoxlamaya başlayıb.