Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanası Azərbaycan Kitabxana İnformasiya Konsorsiumu (Az.KİK) çərçivəsində Dövlət Gömrük Komitəsinin Akademiyasının professor-müəllim heyəti, magistr və tədqiqatçıları üçün “Akademik bazalardan istifadə və nəşr imkanları” adlı təlim-seminar keçirib.
Dövlət Gömrük Komitəsinin Akademiyasının rəis müavini Cəmilə Namazova rəqəmsal kitabxana-informasiya mühitinin formalaşmasında beynəlxalq nəşriyyatların resurslarından istifadənin üstünlüklərini vurğulayıb, kitabxanada istifadəçilər üçün yaradılan şəraitdən bəhs edib.
BDU-nun Elmi Kitabxanasının direktoru Nigar İsmayılova “Az.KİK-in akademik kitabxanalarla əməkdaşlığı” mövzusundakı təqdimatında kitabxana işi sahəsində nüfuzlu beynəlxalq təşkilat və nəşriyyatlarla ali məktəb kitabxanaları arasında əməkdaşlığın qurulması barədə danışıb, Dövlət Gömrük Komitəsinin Akademiyasının da üzv olduğu Az.KİK-in fəaliyyətində təmsil etdiyi qurumun xüsusi rola malik olduğunu bildirib.
Az.KİK-in rəhbəri, EİFL.net və EBSCO-nun Azərbaycan üzrə təmsilçisi, BDU-nun Elmi Kitabxanasının şöbə müdiri Cəmilə Yusifova kitabxana işi sahəsində dünyanın iki aparıcı təşkilatından biri olan beynəlxalq konsorsium EİFL.net-in xidmətləri, müxtəlif elm və tədris sahələrini əhatə edən EBSCO platformasında interaktiv axtarış qaydalarını iştirakçılara əyani şəkildə təqdim edib.
EİFL.net-in “Open Access” üzrə koordinatoru, ADA Universitetinin Əsas sistemlər və inteqrasiya şöbəsinin aparıcı mütəxəssisi İltifat İbrahimov isə təlim iştirakçılarına akademik bazalardan istifadə qaydaları, məqalə nəşrinə dəstək və nəşr imkanlarından bəhs edib.
Sonda iştirakçıların sualları cavablandırılıb.