“Uqledar yaxınlığındakı Stepnoy rayonunda Şoyquyla əlaqəli olan “Patriot” özəl ordusunun yaraqlıları peyda olub…”
Şoyqu özəl hərbi şirkətini Donbasa göndərib…
Rusiyanın müdafiə naziri Sergey Şoyqu özünün “Patriot” şəxsi özəl hərbi şirkətini Donetsk vilayətinə döyüşməyə göndərib.
Moderator.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Şərq qoşun qruplaşmasının nümayəndəsi Sergey Çerevatı məlumat verib. Məlumatı “Liga.Novosti” nəşri yayıb.
Onun sözlərinə görə, Baxmut, Avdeyevka və Uqledar istiqamətində, habelə Luqansk vilayətində rusiyalılar irəliyə getməyə və bütün qüvvələrini döyüşə ataraq heç olmasa hansısa nəticə əldə etməyə cəhd göstərir.
Çerevatı qeyd edib ki, Uqledar yaxınlığındakı Stepnoy rayonunda Şoyquyla əlaqəli olan “Patriot” özəl ordusunun yaraqlıları peyda olub.
Bu özəl hərbi şirkətin oliqarx Yevgeni Priqojinə məxsus “Vaqner qrupu”na əks olaraq yaradıldığı deyilir.
“Vaqner” özəl hərbi şirkəri və “Patriot” özəl hərbi şirkəti bir-birilə rəqabət aparan qurumlardır. “Vaqner” Baxmutda, “Patriot” Uqledarda döyüşür. Onların arasında birbaşa qarçılıqlı əlaqə yoxdur, avtonom qurumlardır”, – Çerevatı dəqiqləşdirib.
“Patriot”un Şoyquya aidiyyətinin olması barədə üzdəniraq “Donetsk xalq respublikası”nın sabiq “müdafiə naziri” İqor Qirkin deyib.
O, əmin edib ki, Rusiyada rəsmi əsası olmayan və ya mühafizə müəssisəsi adı altında fəaliyyət göstərən bütün özəl hərbi şirkətlər hakimiyyətə yaxın oliqarxlara məxsusdur.
Liviyada və Afrikanın digər ölkələrində fəaliyyət göstərən “Vaqner qrupu”, məlum olduğu kimi, rusiyalı oliqarx Yevgeni Priqojinə məxsusdur.
“Redut” şirkəti, Strelkovun sözlərinə görə, biznesmen Gennadi Timçenkonun “törəmə” müəssisələrinin aktivlərini qoruyan özəl hərbi şirkətdir.
“Patriot”a isə, onun məlumatına görə, müdafiə nazirliyi və şəxsən Sergey Şoyqu kuratorluq edir.
“Patriot” özəl hərbi şirkəti döyüş əməliyyatlarında 2018-ci ilin yazından iştirak edir və peşəkar hərbi qulluqçulardan formalaşır.
Bu şirkətdə Rusiya Baş Qərargahı Baş İdarəsinin fəaliyyətdə olan mütəxəssisləri və xüsusi əməliyyatlar Qüvvələrinin döyüşçüləri var.
Xəbər verildiyi kimi, “Vaqner qrupu” özəl hərbi şirkətinin sahibi Priqojin və Rusiyanın Ukraynadakı qoşunlarının komandanı Surovikin ittifaq yaradıb və güclü olduqlarını sübut etmək istəyir.
Ona görə də vaqnerçilər Baxmutu zəbt etməyi bu qədər arzulayır, bunu Ukraynanın Baş Kəşfiyyat İdarəsinin rəisi Kiril Budanov bəyan edib.
Baxmut rayonunda “Vaqner” şirkəti öz yaraqlılarını geri çəkiləcəyi təqdirdə edam ediləcəyi ilə təhdid edir.
Baxmutda şiddətli döyüşlər gedir, lakin Ukrayna Silahlı Qüvvələri rusiyalıların hücumlarını dəf edir və şəxsi heyətinə maksimal itkilər törədirlər.