ADP İdarə Heyəti Azərbaycan xalqını qarşıdan gələn 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni təqvim ili münasibəti ilə də təbrik edib. Təbrikdə deyilir:
Əziz həmvətənlər!
Dünya azərbaycanlılarının ən şərəfli bayramlarından olan 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə hamınızı səmimi qəlbdən təbrik edirik.
Bu şərəfli gün artıq dünyanın 100-ə yaxın ölkəsində azərbaycanlılar tərəfindən təntənə ilə qeyd olunur. Son illər həmrəylik günü dünya azərbaycanlıları üçün ən mühüm bayrama çevrilərək, Yeni təqvim ilinin qeyd olunmasını kölgədə qoymuşdur. Hətta milli kimliyindən asılı olmayaraq, Azərbaycanda doğulub boya-başa çatan hər kəs bu günü bayram edir.
Əziz həmvətənlər!
44 günlük ikinci Qarabağ savaşı göstərdi ki, məhz milli həmrəylik olan yerdə real qələbələrə nail olmaq mümkündür. Bu müharibədə biz xalq və millət olaraq dünya azərbaycanlılarının həmrəyliyinin real nəticələrini gördük. Bundan sonra da dövlətimizin və xalqımızın qarşısında duran problemlərin həllində dünya azərbaycanlılarının milli həmrəyliyi müstəsna əhəmiyyətə malik olduğunu nəzərə alaraq harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlını həmrəyliyimizi genişləndirilməyə və möhkəmləndirməyə çağırırıq.
Hörmətli həmvətənlər!
Bir daha Sizi 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə təbrik edir, hamınıza xoşbəxtlik, ailə səadəti, uğurları arzulayır, yeni təqvim ilində hamınızı həqiqi vətəndaş olmağa, respublikaçılığı qorumağa, babalarımızın bizə miras qoyduğu dövləti yaşatmağa və azad, demokratik, hüquqi Azərbaycan Respublikası uğrunda həmrəy olmağa çağırırıq.
Dövlətimizə əmin-amanlıq, xalqımıza və millətimizə firavan həyat arzulayırıq.
Tanrı Azərbaycanımızı qorusun!