Deyirdilər, Avropa son 100 ilin ən soyuq qışını yaşayacaq. Qırılacaqlarmış. Amma biz deyirdik ki, hər zaman mənfi proqnozlar qəsdən şişirdilir. Ona görə ki, mənfi proqnoz siyasi və iqtisadi maraqlara xidmət edir. Mətbuat isə oxucu psixologiyasına fokuslandığı üçün onu yayır. Çünki insanlar pis xəbərlər oxumağa daha meyllidirlər.
Modern.az xəbər verir ki, bu fikirləri iqtisadçı Eldəniz Əmirov səsləndirib.
Ekspert Avropa ilə bağlı bədbin proqnozlara münasibətində deyib: “O ki qaldı, konkret qışa, BBC göstərir ki hazırda Avropa son illərin ən isti qışlarından birini keçirir. Temperaturun 20 dərəcəyə yaxınlaşdığı ölkələr var. Buna görə də qaza tələb azalıb. Ehtimal ki, martdan sonra qazın qiymətlərində artımlar yüksələcək. Çünki boşalan anbarlar əsasən apreldə doldurulur.
Əlqərəz, 2023-cü il barəsində məqsədli yayılan mənfi proqnozları ciddiyə alıb qorxu həyəcan yaşamağa dəyməz. Təkcə bir faktı nəzərə alın ki, 2021 və 2022-ci il başlayanda BMT-dən üzü AİYB-ə qədər hamı fəlakət, aclıq proqnoz edirdilər. Düzdüz, problem yaşandı, amma verilən proqnozlar dünyanın yaşadığından on dəfə daha dəhşətli idi”.
Eldəniz Əmirovun sözlərinə görə, ölkəmizdə 2023-cü ilin daha da uğurlu olması üçün ən vacib iki şərt var: “Birinci şərt fəhlədən həkimə, müəllimdən məmura qədər hər kəsin işində, mövqeyində vicdanlı olması, ikinci şərt isə neft-qaz qiymətlərinin yüksək olmasıdır. İkinciyə əminəm, amma birinci haqda nəsə demək çətindir”.