Ötən gün Rusiya Prezidenti Vladimir Putin ölkənin müdafiə naziri Sergey Şoyquya Ukraynada bütün cəbhəboyu atəşin dayandırılması barədə göstəriş verib. Milad bayramı ilə əlaqədar elan edilən atəşkəs rejimi yanvarın 6-sı yerli vaxtla saat 12:00-dan yanvarın 7-si saat 00:00-a qədər qüvvədə olacaq.
Ukrayna tərəfi isə Rusiyanın atəşkəs təklifini rədd edərək, bunu ikiüzlülük kimi qiymətləndirib. Bildirilib ki, Rusiya qoşunları Ukraynadan geri çəkilməyincə, Moskva ilə hər hansı danışıqlar aparılmayacaq.
“Ukrayna yalnız öz ərazisində işğalçı ordunun üzvlərini məhv edir. Rusiya Federasiyası işğal etdiyi əraziləri tərk etməlidir. Yalnız bundan sonra müvəqqəti barışıq başlayacaq. İkiüzlülüyü özünüzə saxlayın…”, – Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak Rusiyaya cavabında deyib.
“Milad atəşkəsi”ndə kim haqlıdır: Rusiya, yoxsa Ukrayna?
Rusiyalı politoloq, tarix elmləri namizədi, Rusiya Federasiyasının Etnik və beynəlxalq araşdırmalar mərkəzinin elmi direktoru Anton Bredix Modern.az-a bildirib ki, Ukrayna hazırda Allaha qarşı müharibə aparır:
“Ukrayna Milad bayramında atəşkəsə riayət etmək istəmir və bundan açıq şəkildə imtina edir. Miladdan imtina etməklə, Ukrayna tam olaraq Allaha qarşı müharibə aparır deyə bilərik. Bu, o deməkdir ki, müqəddəs bayramda yeni qurbanlar, yeni ölümlər olacaq. Bu fakt həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın atəşkəs təşəbbüsünə kölgə salır. Görünən odur ki, Ukrayna sülh istəmir. Rusiya öz istiqamətində açılan atəşə cavab verəcək”.
Ukraynanın tanınmış hərbi eksperti Oleq Starikov isə Modern.az-a açıqlamasında Rusiyanın təklifini məğlubiyyət kimi qəbul etdiyini söyləyib.
Onun fikrincə, Rusiya bununla danışıqlara hazır olduğunu göstərmək istəyir:
“Müharibədə mənəvi, əqli və fiziki olaraq tərəflər mübarizə aparır. Prezident Putinin patriarx Kirillin təklifini dərhal qəbul etməsi bir neçə məsələni özündə ehtiva edir. Bu, o deməkdir ki, əqli olaraq məğlub olan Kreml danışıqlara hazırdır. Ola bilər ki, bunu gözdən pərdə asmaq üçün etsinlər. Fikrimcə, bu, artıq xarici qüvvələrə də mesajdır. Hindistan, Çin və Türkiyə kimi ölkələr bundan nəticə çıxarmalıdır”.
Qeyd edək ki, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan bir gün əvvəl Rusiya Prezidenti Vladimir Putinə, daha sonra Ukrayna Prezidenti Volodomir Zelenskiyə zəng edib. Ərdoğan müharibənin dayandırılması üçün var gücü ilə çalışdığını bildirib. Putin isə təklif edib ki, birtərəfli qaydada atəşkəs elan etsin. Rusiya lideri müharibənin ölkəsi üçün yorucu hala gəldiyini anlayaraq Ərdoğanın çağırışına müsbət reaksiya verməklə atəşkəsə və Kiyevlə dialoqa meylli olduğunu təsdiqləyib.