Tarixin bütün dövrlərində hətta düşmənin elçilərinə hörmət göstəriblər

 

Azərbaycanın İrandakı səfirliyində sözügedən ölkənin vətəndaşı və xüsusi xidmət orqanlarının zabiti Yasin Hüseynzadənin törətdiyi qanlı cinayət, istisnasız olaraq terror aksiyasıdır və baş verən hadisəyə görə rəsmi Tehran məsuliyyət daşıyır.

Bu sözləri Milletinsesi.az saytına açıqlamasında millət vəkili Azər Kərimli deyib.

Millət vəkili qeyd edib ki, molla rejiminin qanlı terror aksiyasından xeyli vaxt keçməsinə baxmayaraq, hadisənin gerçək sifarişçiləri və motivləri ətrafında təhqiqatın aparılmasını təmin etməməsi, terrorçunu məsuliyyətdən yayındırma cəhdləri, terrorun İranın xüsusi xidmət orqanları tərəfindən həyata keçirilən “cəzalandırma”aksiyası” olduğunu təsdiqləyir: “Terror aksiyasının Azərbaycanın İsraildəki səfirliyinin fəaliyyətini əngəlləmək niyyəti daşıdığı, artıq kimsədə şübhə doğurmir. Maraqlıdır ki, özünü “islam respublikası” adlandıran İran vaxtilə Azərbaycan məscidlərində donuz saxlayan, bir milyona yaxın müsəlmanı öz evindən didərgin salan, müsəlman azərbaycanlılara qarşı hələ də mina terrorunu həyata keçirən, Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazilərinə qarşı iddialarından əl çəkməyən Ermənistana hərtərəfli dəstək verdiyi, bu ölkənin ərazisində, Azərbaycanla sərhəddə “göz dağı” kimi daha bir diplomatik nümayəndəlik təsis etdiyi, Azərbaycanın əsas ərazisi ilə blokadada qalan Naxçıvanı birləşdirəcək Zəngəzur dəhlizinin reallaşmasına hərtərəfli maneə yaratdığı halda, Azərbaycanın diplomatik nümayəndəliyinə silahlı hücum təşkil edir. Sadəcə mühafizəçilərin öz canları və sağlamlıqları bahasına nümayiş etdirdikləri müqavimət nəticəsində terrorçunun kütləvi qətliam törətmək niyyəti baş tutmur. Qeyd edim ki, tarixin bütün dövrlərində, xüsusilə də müsəlmanların yaşadıqları ölkələrdə ən qəddar hökmdarlar, sərkərdələr belə düşmənin elçilərinə hörmət göstəriblər, onun həyatının qorunmasını, təhlükəsizliyinin təmin edilməsini şərəf məsələsi hesab ediblər. Azərbaycan səfirliyində törədilən qanlı terror aksiyaları molla rejiminin təkcə bəşəri dəyərlərdən, beynəlxalq hüququn norma prinsiplərindən deyil, həm də islam dininin bütün dəyərlərindən uzaq düşdüyünü göstərir”.

Azər Kərimli Azərbaycan xalqının və dövlətinin heç bir təzyiq, terror aksiyası qarşısında geri çəkilməyəcəyini, daim öz milli maraqlarını müdafiə, müstəqil siyasi kursunu davam etdirəcəyini bildirib: “Xalqımızın, dövlətimizin bütün təzyiqlərə, qanlı terror aksiyalarına, soyqırım və digər qanlı müharibə cinayətlərinə məruz qaldığına baxmayaraq, müzəffər Ali Baş Komandanın ətrafında yumruq kimi birləşərək, işğalçını məğlub etməsi, düşünürəm ki, Azərbaycanın dostlarının da, bizimlə səbəbsiz yerə düşmənçilik etmək fikrində olanların da nəticə çıxarmaları üçün yetərlidir. Azərbaycan xalqına, dövlətinə qarşı törədilən heç bir cinayət cəsasız qalmayacaq”.

Mənbə

Share: