Fransa Azərbaycana və Türkiyəyə qarşı çox çirkli oyun aparır. Paris bu gün regionda ən böyük silahı kimi İslamı əməlləri ilə gözdən salmağa cəhd edən, türkəfobiya siyasətini xeyli aktuallaşdıran İran molla-fars rejiminin xidmətindən yararlanaraq məkrli planlarını həyata keçirməyə çalışır.
Azərbaycanın 44 günlük Vətən müharibəsindəki tarixi Zəfərinin ardında regionda geosiyasi vəziyyət tamamilə Bakının xeyrinə dəyişdi. Rəsmi Bakının ilk işlərindən biri 30 ilə yaxın Ermənistanın işğalçılıq siyasətini kənardan izləməklə dolayısı ilə ermənilərə dəstək ifadə edən ATƏT-in Minsk Qrupunun işini deaktivləşdirmək, daha bir də belə bir qurumun regionda hər hansı bir mübahisəli məsələlərin həllində moderatorluq funksiyasını əlindən almaq oldu.
Çünki Azərbaycan İkinci Qarabağ müharibəsi zamanı çox yaxşı şahid oldu ki, Minsk Qrupunun həmsədrlərindən olan Fransa açıq-şəkildə Ermənistanın işğalçılıq siyasətini dəstəklədi. Belə olan təqdirdə bu qurumun ədalətlilik prinsipindən, beynəlxalq hüquq anlayışından danışmaq artıq yersiz idi. Bakının qəti mövqeyi, qətiyyətli siyasəti digər həmsədrlər Rusiya və ABŞ-ın Azərbaycanın mövqeyi ilə razılaşmasını sürətləndirdi.
Lakin Fransa yenə də Ermənistana olan dəstəyini fərdi şəkildə etdiyi açıqlamalar, səsləndirdiyi bəyanatlar, imzaladığı qətnamələrlə feridə qalan 2 ilə yaxın bir müddətdə hər cür ifadə etdi. Rəsmi Paris açıq şəkildə göstərdi ki, Fransa höküməti işğalçının yanındadır, revanşın tərəfdarıdır, bölgədə sülh istəmir. Fransanın bu məkrli oyunlarına artıq yaxşı bələd olan rəsmi Bakı Parisi bölgənin həndəvərinə buraxmamaq üçün bütün siyasi imkanlarını istifadə edir.
Amma firənglərin erməni sevdası bu dəfə cənub qonşumuz, özünü “İslam” Respublikası adlandıran, “şiə qardaşı” adı altında uzun illər Azərbaycana qarşı düşmənçilik siyasətini yürüdən İran molla-rejiminin növbəti saxtakarlığını, ikiüzlülüyünü qənşərə qoydu.
Belə ki, İran adlanan dövlətin Ermənistandakı səfiri Abbas Bədaşxan Zohuri İrəvanda İranla Ermənistan arasında ikitərəfli münasibətlərə dair elmi konfrans zamanı qeyd edib ki, “Rusiyanın Ukraynada zəifləməsi Qafqazda mövqelərini zəiflədib. Fransız jandarmasının sərhəddə gəlməsi bizim üçün bir əhəmiyyət kəsb etmir”.
İran səfiri bu açıqlaması ilə təmsil etdiyi rejimin mövqeyini ortaya qoyur. Bir qədər yaxın keçmişə nəzər salsaq görmüş olarıq ki, İran dövlətinin İkinci Qarabağ müharibəsindən sonra münasibətlərinin birdən-birə xeyli korlanmasının səbəblərindən biri rəsmi Tehranın Bakının daxili işinə tez-tez burun soxmağa başlaması məsələsi oldu. Molla rejimi Azərbaycan-İsrail dostluğundan, əlaqələrindən hətta o dərəcədə narahat oldu ki, Araz vadisi boyunca 1 ildə iki hərbi təlim keçirərək Bakıya xox gəlmək, gözünün odunu almaq istədi.
İran tərəfi adını da qoydu ki, “Sionist rejim sərhədlərimizə kimi gələ bilməz”. Ardınca Zəngəzur dəhlizinin açılmasının qeyri-mümkün olduğunu bildirən mollabaşlar dərhal Qafanda konsulluq açaraq prosesə süni maneə yaratmaq yolunda növbəti addımını atdı. İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyası “Zəngəzur dəhlizi” ilə bağlı bəyanat verdi, iranlı deputatlar beynəlxalq səviyyədə tanınmış sərhədlərin və ölkələrin ərazi bütövlüyünün qorunmasının “qaçılmaz zərurət” olduğunu bildirdilər.
O vaxtdan bu yana artıq neçənci dəfədir ki, İran prezidenti İbrahim Rəisi və ölkənin baş mollası Zəngəzur dəhlizini ölkəsinin qırmızı xətti adlandırır. Sonuncu dəfə Rəisi və Paşinyan arasında telefon danışığı baş tutub. Rəisi bir daha Paşinyanı əmin edib ki, İran heç bir şəkildə regionda geosiyasi xəritənin dəyişdirilməsini qəbul etməyəcək.
Amma indi biz tamamilə fərqli bir mənzərənin şahidiyik. İran molla-fars rejimi Avropa İttifaqı adı altında pərdələnərək sədrlik funksiyasından sui-istifadə etməklə bölgəyə 200 nəfərlik “mülki missiya” göndrmək istəyən Fransanın bu təşəbbüsünə nəyinki etiraz etmir, əksinə açıq şəkildə bəyan edir ki, Rusiya bu gün Ukraynadakı müharibə fonunda Cənubi Qafqaz regionunda mövqeyini itirdiyi üçün onu əvəz edəcək bir gücə ehtiyac var.
Bununla da İran molla rejimi bəyan etmiş olur ki, Fransa ordusunun bu gün bölgədə Rusiya sülhməramlılarını əvəzləməsi Tehran üçün heç nəyi dəyişmir. Nə oldu, İran? Bəs dünənə kimi Ermənistan, onun sərhədləri sizin üçün “qırmızı xətt” idi, indi artıq o sərhədlərdə Fransa hərbiçilərinin dayanmasına da razısınız. Bu detal bir daha deməyə əsas verir ki, İran dövləti özü üçün ən böyük təhlükə məhz Azərbaycanı, Türkiyəni görür. Bu iki qardaş ölkədən qeyri olaraq burnunun ucunda hansı ölkənin hərbiçisinin əldə silah dayanmasının onun üçün elə də fərqi yoxdur, əsas TÜRK OLMASIN!
Bəs fars rejiminin bu niyyətinə Rusiya seyirci qala bilərmi?! Təbii ki, İran səfirinin bu sərsəmləməsi əslində Rusiyaya mesajdır. Məhz Rusiyaya siqnaldır ki, sizin regiondan çıxmanızın zamanı yetişib. Amma Moskvanın Tehranın bu mövqeyini qəbul edəcək qədər sadəlövh olduğuna inanmıram. Çünki Rusiya heç bir halda Qafqaza Fransanı gətirməyəcək.
Tehranın çalışdığı bu gün İranda fəaliyyət göstərən rejimin ömrünü uzatmaqdır. Nəzərə alsaq ki, 1979-cu ildə baş verən inqilabdan sonra İranda molla-fars rejiminin əsasını qoyan Ayətullah Xomeyni xüsusi reyslə məhz Fransadan İrana göndərilmişdi, o zaman bütün suallara aydınlıq gəldiyini deyə bilərik. Artıq şübhə yeri də qalmır ki, İranda teokratik molla rejiminin yaradılması və bu günə qədər qorunması bilavasitə elə Fransanın əməyinin məhsuludur. Və o da şübhə edilmir ki, fars rejimi bu gün istər Azərbaycan, istərsə də bu gün Türk dünyasına qarşı yürütdüyü siyasətin başında Fransa faktoru dayanıb. Amma istənilən halda nə Rusiya öz yerini Fransaya verəcək, nə də Azərbaycan kənar bir ordunun sərhədlərinə kimi gəkməsinə imkan verməyəcək. Çünki bu məsələ ən azından Azərbaycanın toxunulmazlığı, suverenliyi məsələsidir, bu məsələ Azərbaycanın müstəqlliyinə birbaşa təhdiddir.
İstənilən halda ən böyük təhlükə isə bacıları Fransa və İran tərəfindən Ermənistan üçün yaradılmış olacaq. Çünki ən pis halda Ermənistan adlı respublikanın mövcudluğu sual altına düşəcək. Nikol Paşinyan artıq dövləti bu iki havadarına həvalə edib kimi görünür. Bu gün faktiki olaraq İrəvan Tehran və Parisdən gələn tapşırıqlar əsasında manevrlər etməyə başlayıb.
Bu sürətlə isə İran və Fransanın isə qaş düzəltmək yerinə göz çıxaracaqları istisna edilmir. Ermənistanın gözsüz qalması isə heçnəyi həll etməyəcək, sadəcə qüsurlarına biri də əlavə olacaq. Azərbaycanın kor günə qoyacağı Ermənistan isə o zamandan sonra heç Fransaya da lazım olmayacaq. Rəsmi Paris bir məsələni yəqin özü üçün dəqiqləşdirib ki, Azərbaycanla sərhəddə gələrsə, İsrail və Türkiyənin o ərazilərdə peyda olması an məsələsinə çevriləcək. Gerisini isə gərək molla-fars rejimi indidən götür-qoy etsin… /Milli.az/