Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində bu ölkənin Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb.
Bu barədə Modern.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Azərbaycan parlament nümayəndə heyətini səmimiyyətlə salamlayan Federasiya Şurasının sədri, ölkələrimiz arasında münasibətlərin bütün sahələr üzrə yüksəlişdə olduğunu bildirib. O, ölkələrimiz arasında gündəliyin iki ölkənin dövlət başçıları tərəfindən müəyyən olunduğunu bildirərək, deyib ki, münasibətlərimiz mehriban qonşuluq və qarşılıqlı anlaşma əsasında inkişaf edir.
Əlaqələrimizin genişləndirilməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın uğurlu fəaliyyətini də qeyd edən Valentina Matviyenko bildirib ki, bu fəaliyyət münasibətlərimizə böyük töhfələr verir.
Parlamentlərarası əlaqələrdən danışan Federasiya Şurasının sədri, Milli Məclisin sədri ilə görüşlərin xoş bir ənənəyə çevrildiyini qeyd edərək, bunun qanunverici orqanlarımız arasında əlaqələrin yaxşı göstəricisi olduğunu ifadə edib. Onun sözlərinə görə, qanunverici orqanlarımız arasında əlaqələr səmərəlidir və həm ikitərəfli formatda, həm də beynəlxalq parlament təşkilatları çərçivəsində uğurla inkişaf edir. Valentina Matviyenko deyib ki, Azərbaycan Respublikası Milli Məclisi ilə Rusiya Federasiyası Federal Məclisinin Dövlət Duması arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanması ilə parlamentlərarası əlaqələrdə yeni mərhələ başlayacaq.
O, qeyd edib ki, regionlararası əməkdaşlıq ikitərəfli münasibətlərin inkişafında ölkələrimiz arasında xüsusi rol oynayır. Hazırda Rusiya Federasiyasının 70-dən çox subyektinin müəssisələri Azərbaycanla xarici ticarət fəaliyyəti ilə məşğul olur.
Valentina Matviyenko, həmçinin Azərbaycan, Rusiya və Ermənistan tərəfindən üçtərəfli razılaşmaların həyata keçirilməsinin vacibliyini vurğulayıb.
Azərbaycan nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirən Azərbaycan parlamentinin spikeri Sahibə Qafarova Milli Məclisin sədri kimi Rusiya Federasiyasına ikinci dəfə rəsmi səfər etdiyini bildirib. O, həm bu səfərin, həm də tərəflər arasında imzalanan Anlaşma Memorandumunun ikitərəfli münasibətlərimizin parlament ölçüsünün inkişafına təkan verəcəyini bildirib.
Milli Məclisin sədri xatırladıb ki, ötən il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü tamam olub. Bu illər ərzində Azərbaycanla Rusiya arasında münasibətlər dinamik inkişaf edib. Spiker Sahibə Qafarova, Azərbaycan Prezidenti İlham Əliyevin ötən ilin fevralında Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində imzalanan “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamənin əlaqələrimizdə yeni mərhələnin əsasını qoyduğunu diqqətə çatdırıb. O, ölkələrimiz arasında münasibətlərin inkişafında dövlət başçılarının mühüm rolunu xüsusi vurğulayıb. Qeyd olunub ki, Azərbaycan-Rusiya münasibətləri bir-birinin maraqlarını nəzərə almaqla, qarşılıqlı hörmət və etimad prinsiplərinə əsaslanır.
İki ölkə arasında parlamentlərarası münasibətlərə toxunan Milli Məclisin sədri ikitərəfli əlaqələrin inkişafında qanunverici orqanların özünəməxsus rolunu qeyd edib. O, bildirib ki, bu sahədə həm Milli Məclisdə, həm də Federal Məclisdə fəaliyyət göstərən dostluq qruplarının, həmçinin Milli Məclis və Federal Məclis arasında daimi fəaliyyət göstərən ikitərəfli parlamentlərarası komissiyanın işi təqdirəlayiqdir. Deputatlarımız bir çox təşkilatlarda, o cümlədən, MDB Parlament Assambleyası çərçivəsində birgə fəaliyyət göstərirlər. Spiker qanunverici orqanlarımız arasında əlaqələrin genişlənməsində parlament komitələri arasında əməkdaşlığın da rolunu qeyd edərək, deyib ki, bu istiqamətdə təcrübə mübadiləsi və qarşılıqlı fəaliyyət üçün geniş imkanlar mövcuddur.
Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbə və öz ərazi bütövlüyünü bərpa etməsindən sonra regionda yaranmış vəziyyət barədə məlumat verən Milli Məclisin sədri qeyd edib ki, hazırda ölkəmiz işğaldan azad edilmiş ərazilərində genişmiqyaslı bərpa-quruculuq işləri aparır. “Yaşıl enerji” zonası elan olunmuş Qarabağ və Şərqi Zəngəzurda yeni qəsəbə və kəndlər salınır. Artıq keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına geri qaytarılmasına başlanıb.
Milli Məclisin sədri, həmçinin İran İslam Respublikasında Azərbaycan səfirliyinə qarşı törədilən terror aktı, diplomatik korpusun bir nəfər əməkdaşının həlak olması və iki nəfər əməkdaşının yaralanması haqqında da məlumat verib. Spiker deyib ki, Azərbaycan bu terror hücumunun ədalətli araşdırılmasını və günahkarlarının layiqli şəkildə cəzalandırılmasını tələb edir.