
Modern.az saytı “Bir şəklin tarixçəsi” rubrikasında növbəti fotonu təqdim edir.
Bu şəkil ümummilli lider Heydər Əliyevin 2002-ci ildə tədbirlərdən birində iştirakı zamanı lentə alınıb. Mərhum prezident tədbirdə iştirak edən YAP-çı deputatla görüşərək, onlarla ayaqüstü söhbətləşib.
Fotonun tarixçəsi barədə sabiq deputat, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə danışır:
“Bu şəkil çəkiləndə mən parlamentin üzvü idim. Sözügedən foto 2002-ci ilin avqustunda çəkilib. Tədbir Nizami rayonunda keçirilirdi. Heydər Əliyev ümumi məsələlərlə bağlı söhbət etdi. Orada ictimaiyyətin fəal üzvləri, parlamentarilər də var idi.
Fotodan göründüyü kimi, ümummilli lideri mən, Siyavuş Novruzov, Mübariz Qurbanlı, Musa Musayevlə görüşüb. Böyük tədbir idi. Ümumiyyətlə, ümumilli lider insanların işlərinə diqqətlə yanaşırdı. Bu tədbirdə bizimlə görüş zamanı işlərin necə getməsi ilə maraqlandı. Mənimlə də söhbət etdi, hal-əhval tutdu. Onunla hər bir görüş dəyərli və tarixi idi. Hesab edirəm ki, belə görüşlər unudulmazdır”.
Qeyd: fotodakı şəxslərdən Vüqar Rəhimzadə, Mübariz Qurbanlı və Musa Musayev Milli Məclisin sabiq deputatlarıdır. Onlardan yalnız biri – Siyavuş Novruzov deputat fəaliyyətini davam etdirir. Mübariz Qurbanlı hazırda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədridir. Musa Musayev isə Yeni Azərbaycan Partiyası (YAP) Təftiş Komissiyasının üzvüdür.