“Vardanyan layihəsi və Azərbaycan-Rusiya dialoqu müxtəlif sferada, o cümlədən regional proseslərlə bağlı dialoq bir qədər fərqlənir. Yəni bizim Vardanyanla Rusiya sülhməramlıları ilə bağlı, Rusiyanın Qarabağın taleyi ilə bağlı, Bakının Moskva ilə gələcək planlarla bağlı ziddiyətləri var”.
Bunu milli.az-a açıqlamasında “Cənubi Qafqaz” politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə deyib.
O bildirib ki, Rusiyanın əsas məqsəd regionda Ermənistanla Azərbaycan arasında vasitəçilik rolunu bərpa etməkdir:
“Rusiya ilə Azərbaycanın maraqları üst-üstə gəlmir. İki ölkə arasında regionla bağlı ziddiyyətlər olduğu kimi qalmaqdadır. Hər-halda Vardanyanın Qarabağa qayıtması da bundan xəbər verir.
Digər tərəfdən bizim Moskva ilə digər məsələlərlə bağlı baxışlarımız üst-üstə düşür. Misal üçün xarici qüvvələrin regionun proseslərinə qarışmaması ilə bağlı və yaxud da ki, Zəngəzur dəhlizinin açılmaması ilə bağlı bu məsələlərdə həm Azərbaycan, həm də Rusiya demək olar ki, həmrəy və həmfikirdirlər.
Nə Azərbaycan istəməz ki, regionda əlavə qüvvələr peyda olsun və Azərbaycan-Ermənistan gərginliyindən istifadə edərək öz maraqlarını diqtə etsin, digər tərəfdən də Rusiya istəməz ki, regiona digər oyunçular da qatılsın. Çünki bu, son nəticə etibarı ilə Moskvanın regiondakı nüfuzunu sıxışdırır. Ona görə də burada bizlə Moskva arasında olan dialoq çoxşaxəlidir.
Bəzi məsələlərlə bağlı fikirlərimizin üst-üstə düşdüyü mövzular var, digər yandan Moskva ilə ziddiyətlərimiz və narahatlığımız var. Fevralın 14-də Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin (XİN) Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevin Bakıya səfəri, ardınca Putinin prezident İlham Əliyevlə telefon əlaqəsi yəqin ki, başqa məsələlərə yönəlib.
Rusiyanın əsas məqsəd regionda Ermənistanla Azərbaycan arasında vasitəçilik rolunu bərpa etməkdir. Azərbaycan buna etiraz etmir. Etiraz edən Ermənistan tərəfidir. Və indi söhbətlər gedir ki, bu vasitəçilik hansı formada bərpa olunsun və gündəmdə olan hansı məsələlər daha faydalı şəkildə müzakirə olunsun. Təxminən Bakıya Moskvadan olan səfərlərin də, edilən zənglərin də əsas məqsədi budur”.