Türkiyədə baş vermiş və çoxsaylı insan itkisinə səbəb olmuş zəlzələ qurbanlarına dəstək məqsədilə Azərbaycanın şəhər, rayon icra hakimiyyətləri tərəfindən hər gün qardaş ölkəyə humanitar yardımlar göndərilir. Hazırda fəlakət zonasında evsiz-eşiksiz qalmış insanların isti sığınacaqlarla təmin edilməsi ən vacib məsələlərdən biridir.
Bu məqsədlə Azərbaycanın şəhər və rayon icra hakimiyyətləri tərəfindən Bakı şəhərində sifariş olunmuş modul tipli 90 müasir ev hazırlanaraq mərhələli şəkildə Türkiyəyə göndərilir.
Qısa müddətdə və yüksək keyfiyyətlə hazırlanmış 1 və 2 otaqlı belə evlərdə 10-12 nəfərin yaşaması üçün zəruri şərait yaradılıb.
Fevralın 13-dən etibarən modul tipli 26 ev aidiyyəti şəhər, rayon icra hakimiyyətləri tərəfindən yola salınıb. Şirvan şəhər, Abşeron, Ağstafa, İmişli, Zaqatala, Goranboy, Cəlilabad və Tərtər rayon icra hakimiyyətlərinin sifarişi ilə hazırlanmış daha 22 ev isə bu gün qardaş ölkəyə göndərilib.
Həftənin sonunadək yerli icra hakimiyyəti orqanları tərəfindən modul tipli daha 43 müasir evin təbii fəlakət bölgələrinə göndərilməsi nəzərdə tutulur.
Həmçinin icra hakimiyyətləri tərəfindən fəlakətin ilk günlərindən ziyan çəkmiş əhaliyə lazım olan isti paltar, yataq dəstləri, müxtəlif ərzaq və sənaye məhsulları, dərman preparatları, qızdırıcılar, generatorlar, çadırlar alınaraq qardaş ölkəyə göndərilir. İndiyədək 57 şəhər və rayon icra hakimiyyəti tərəfindən təşkil olunan humanitar yardım Türkiyənin Kahramanmaraş, Malatya, Adıyaman və digər bölgələrinə yola salınıb.
Şəhər və rayon icra hakimiyyətləri tərəfindən təbii fəlakət bölgəsinə humanitar yardımların göndərilməsi bundan sonra da davam etdiriləcək. /Azərtac/