Qərb casusları rus hərbçilərə savaş açır

ABŞ və Qərb Avropa Birliyinin missiyası üzərindən Ermənistana yerləşdi, Kreml bunu Rusiyanın Cənubi Qafqazdan çıxarılmasına yönəlik planın tərkib hissəsi hesab edir… Qərb kəşfiyyatçılarının rus hərbçilərini “ovlamasına” Rusiyanın radikal reaksiyasının ilk növbədə Avropa Birliyindən heç bir təhlükəsizlik təminatı verilməyən Ermənstanı hədəfə alacağı qətiyyən şübhə doğurmur…

Cənubi Qafqaza Qərbin yerləşməsi prosesində növbəti mərhələ başladı. Bu dəfə Qərb regionda daha uzun müddət üçün dayaqlanmağa çalışdığını qətiyyən gizlətmir. Ən əsasısa, Qərb siyasi dairələri bu prosesi məhz Rusiyanın hərbi müttəfiqi, regiondakı for-postu üzərindən reallaşdırır. Və rəsmi İrəvanın Kremlin patronajlığı altında olan KTMT-nın deyil, Avropa Birliyinin mülki müşahidəçilərini Ermənistana yerləşdirməsi Rusiya siyasi dairələrində ciddi qıcıqlanmaya səbəb olub.

Məsələ ondadır ki, Avropa Birliyinin mülki missiyası artıq Ermənistana gətirilib və onun fəaliyyəti başlanmış hesab olunur. Kremldən buna verilən ilkin reaksiyalar isə birmənalı şəkildə neqativ, hətta bir qədər qəzəbli məzmun daşıyır. Rusiya siyasi dairələri Avropa Birliyi müşahidəçilərinin Ermənistana gəlişindən qətiyyən məmnun deyillər, bununla barışmaq niyyətində olmadıqlarına da eyham vururlar.

a975d1b6-458e-4a14-80a5-5842f469a7a0.jpg (187 KB)

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi təmsilçisi Mariya Zaxarova ölkəsinin mövqeyini açıqlayarkən, Kremlin Avropa Birliyi müşahidəçilərinin regiona gəlişinin yalnız mülki xarakter daşıdığına inanmadığını da vurğulayıb. O, bildirib ki, bu missiya Avropa Birliyinin təhlükəsizlik və müdafiə üzrə ümumi siyasəti çərçivəsində yaradılıb. Və ona görə də Rusiya bu missiyaya məhz bu istiqamət üzrə yanaşacaq.

M.Zaxarova vurğulayıb ki, Qərbin, o cümlədən də, Avropa Birliyinin Rusiya ilə hərbi müttəfiq olan Ermənistanda nəyin bahasına olursa-olsun, möhkəmlənmək cəhdləri qətiyyən ilk dəfə deyil. Rusiya rəsmisi hesab edir ki, bu cəhdlər Cənubi Qafqazda münasibətlərin normallaşdırılması niyyətindən uzaqdır və daha çox geopolitik hədəflərə istiqamətlənib: “Qərb Rusiyanın Cənubi Qafqazda əsas təhlükəsizlik təminatçısı rolunun zəiflədilməsi və regiondan sıxışdırılıb, çıxarılması üçün əlindən gələn hər şeyi edir”.

Maraqlıdır ki, Avropa Birliyinin göndərdiyi mülki missiyanın tərkibi barədə verilən bəzi məlumatlar Kremlin narahatlığına haqq qazandırır. Belə ki, bu missiyada vaxtilə Qərb ölkələrinin hərbi kəşfiyyat qurumlarında fəaliyyət göstərmiş peşəkarların yer aldığı heç kimə sirr deyil. Elə 100 nəfərlik qrupun 15 nəfərinin keçmiş Alminya polisləri, 8 nəfərinin isə fransız jandarmları olması da olduqca müəmmalı məqamdır. Və bu missiyada Qərb ölkələrinin hərbi kəşfiyyatçılarının təmsil olunduğu da artıq elə bir ciddi şübhə doğurmur.

5d30573c-99af-4ab5-8464-2eabbdb50f27.jpg (136 KB)

Erməni politoloq Beniamin Matevosyan da vurğulayıb ki, Avropa Birliyi missiyasının Ermənistandakı əsas fəaliyyəti kəşfiyyat məlumatları toplamaqdan ibarət olacaq. Onun fikrincə, Avropa Birliyi missiyasının tərkibində alman polislərin və fransız jandarmların yer alması onların Ermənistana Rusiya ordusunun hərəkətini izləmək üçün gəldiklərini təsdiqləyir: “Avropa Birliyi missiyasında olan casuslar öz peşəkar qabiliyyətləri ilə Rusiya ordusu barədə məlumatlar toplamaq və təhlil etmək imkanındadırlar. Ümumiyyətləsə, Avropa Birliyi missiyasının Ermənistandakı əsas hədəfi Rusiya ordusunun, o cümlədən də, Gümrüdəki rus bazasının tamamilə çıxarılmasına istiqamətlənib”.

Göründüyü kimi, yalnız Rusiyada deyil, elə Ermənistanda da Avropa Birliyi missiyasına neqativ və şübhə ilə yanaşanlar mövcuddur. Hətta Ermənistan siyasi dairələrində Avropa Birliyi missiyasının ölkə üçün təhlükəli situasiya yarada biləcəyi barədə də iddialar gündəmə gətirilir. Belə hesab olunur ki, bu proses Ermənistanı Rusiyanın birbaşa hədəfinə çevirə bilər. Və bu halda, Qərb siyasi dairələri, eləcə də, Avropa Birliyi ölkələri Ermənistanı üzləşəcəyi fəlakətdən qorumayacaq.

Məsələ ondadır ki, erməni siyasi analitik Ambartsum Kabanyan hətta Ermənistanın əsas beynəlxalq himayədarı Fransanı belə, təhlükəli oyunlar qurmaqda ittiham edir. Onun fikrincə, Fransa prezident Emmanuel Makron Ermənistanı Rusiya əleyhinə cinaha doğru sürükləyir: “Ancaq rəsmi Paris Ermənistanı Rusiya ilə qarşıdurmaya sürükləyərkən, heç bir təhlükəsizlik təminatı da vermir. Prezident E.Makron Ermənistanı Fransanın “oyun qaydaları”nın təsiri altına salsa da, NATO-nın müdafiəsi ilə bağlı hər hansı vəd verə bilmir. Bu, Ermənistan üçün dəhşətli nəticələrə yol aça bilər”.

08d7627d-c37a-4027-b621-d957c3ed31d5.jpg (105 KB)

Belə anlaşılır ki, Ermənistan cəmiyyətində Qərbin dəstəyi ilə bağlı əsassız eyforiyadan ayılıb, reallığı görməyə başlayanlar hər halda, olmamış deyil. Çünki realist və praqmatik yanaşma ilə Qərb siyasi dairələrinin Ermənistanı Rusiyaya qarşı təhlükəli geopolitik oyunlarda alətə çevirməkdə olduqlarını müəyyən etmək o qədər də çətin deyil. Və bu prosesdə Ermənistanın Qərbin qurduğu təhlükəli oyunların əsas qurbanı ola biləcəyi də qətiyyən istisna deyil.

Məsələ ondadır ki, ABŞ və Qərb Avropa Birliyinin missiyası üzərindən Ermənistana yerləşir. Kreml Avropa Birliyi missiyasının Rusiyanın Cənubi Qafqazdan çıxarılmasını anladığını qətiyyən gizlətmir. Həmin missiyanın Rusiyaya qarşı hərbi kəşfiyyat fəaliyyəti ilə məşğul olacağına da demək olar ki, heç kim şübhə etmir. Və belə vəziyyətdə Kreml Rusiyanın maraqlarını qorumaq üçün radikal addımlar atacağı təqdirdə, ilk növbədə ABŞ və Qərbin heç bir təhlükəsizlik təminatı vermədiyi Ermənstanı hədəfə alacağını anlamaq da qətiyyən çətin deyil. (müsavat.com)

Mənbə

Share: