Ermənistanın Baş naziri Nikol Paşinyanın Münhendə çıxışı zamanı Qarabağdakı məscidlərin SSRİ dövründə dağıdılması barədə irəli sürdüyü absurd fikirlər İrəvanın hiyləgər gedişini ortaya qoydu. Paşinyan belə bir saxta tezisi irəli sürməklə Avropanın gözündə Ermənistanın guya işğalçı və barbar olmadığına dair təsəvvür yaratmaq istəyir, eyni zamanda Ukrayna müharibəsi fonunda Rusiya amilini qabardaraq Qərbin dəstəyini almağı hədəfləyirdi.
Əlbəttə, erməni baş nazirin milyonlarla insanın diqqətinin yönəldiyi Münhen Konfransında erməni vandallığını rusların üstünə yıxmasının pərdəarxası məqamları da istisna deyil.
Mövzu ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü professor Musa Qasımlı bildirib ki, Ermənistan baş naziri Nikol Paşinyanın səsləndirdiyi fikirlər cəfəngiyyatdır. Onun fikrincə, İrəvan bununla ictimai rəyə təsir etməyə çalışır.
“Paşinyan belə çıxışla dünya birliyinin ictimai rəyini dəyişdirmək məqsədi güdür. Düşünmürəm ki, o, həqiqətləri bilmir. Çox gözəl bilir ki, təcavüzkar Ermənistan işğal zamanı ərazilərimizdə olan məscidləri dağıdıb. Bu məscidlər Sovet vaxtında mövcud idi. Onları dağıdan məhz işğalçı Ermənistan olub”.
Deputat hesab edir ki, Paşinyanın belə çıxışının arxasında bəzi səbəblər dayanır:
“Ermənistanın baş naziri bu fikri ortaya atmaqla bir sıra məqsədlər güdür. Məqsəd dünya ictimai rəyini çaşdırmaq, tarixi həqiqətləri saxtalaşdırmaq, məscidlərə qarşı törədilən vəhşilikləri Sovet hakimiyyətinin üzərinə yıxmaqdır. Burada digər bir məqsəd müsəlman ölkələrinə, xalqlarına ermənilərin məscidlərə qarşı vandalizm aktı törətmədiyini göstərməkdir. Amma cənab Prezident İlham Əliyev müzakirələr zamanı dedi ki, dünya indi çox kiçikdir, harada nə olduğunu bir anın içində bilmək olur. Ermənistan dini abidələrimizi, məscidlərimizi, ziyarətgahlarımızı, qəbiristanlıqlarımızı dağıdıb, vəhşilik törədib. Buna görə də, məsuliyyət Ermənistanın üzərinə düşür. Paşinyanın söyləndiklərinin heç bir əsası yoxdur”.
M.Qasımlı qeyd edib ki, 44 günlük Vətən müharibəsindən sonra bütün həqiqətlər üzə çıxıb:
“Torpaqlarımız işğaldan azad edildikdən sonra həqiqətlər üzə çıxdı. Müvafiq qurumlar azad edilmiş ərazilərdəki vandalizm aktını lentə alıblar. İndi Ermənistan məsuliyyətdən boyun qaçırmaq üçün absurd iddiaları gündəmə gətirir. Lakin həqiqətlər göz önündədir. Bizim məscidlərimizi, tarixi abidələrini işğalçı Ermənistan dağıdıb. Hesab edirəm ki, Xarici İşlər Nazirliyi, QHT-lər və digər qurumlar bu istiqamətdə lazımı işləri aparırlar”.