Fəxri adların verilməsi meyarları dəyişməlidir

Aktyorlara, sənətkarlara, ümumilikdə mədəniyyət xadimlərinə fəxri adların verilməsi məsələsi zaman-zaman  müzakirələrə səbəb olub. Bəziləri fəxri adların verilməsi üçün müəyyənləşdirilən meyarları məqsədəuyğun hesab etmirlər və bir çox şəxsin təsadüfən bu adlara layiq görüldüyünü düşünürlər. Azərbaycanda fəxri adlarla təltif olunan mədəniyyət və incəsənət xadimlərinin siyahısının obyektiv hazırlanmadığını iddia edənlər də var. 

 

Fəxri adlar Azərbaycan Prezidentinin 14 may 1999-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Fəxri adları haqqında Əsasnaməyə əsasən verilir. Əsasnamədə bildirilir ki, fəxri adlar mədəniyyət, ədəbiyyat, elm, təhsil, səhiyyə, memarlıq, jurnalistika, mühəndislik, bədən tərbiyəsi və idman, kənd təsərrüfatı, mülki aviasiya, habelə dövlət qulluğu və hüquq sahəsində xüsusi xidmətlərə, yüksək peşə ustalığına və ictimai həyatda fəal iştiraka görə verilir. Fəxri adlara görə aylıq təqaüdün məbləği xalq yazıçısı, xalq şairi, xalq artisti və xalq rəssamı üçün 200, əməkdar fəxri ad üçün 150 manat müəyyən edilib.

 

Əsasnamədə fəxri adlar üçün meyarlar da var. Məsələn, “Xalq artisti” fəxri adı müstəsna dərəcədə dərin ideyalı və bədii cəhətdən yüksək ustalığa, görkəmli bədii obrazlar, tamaşalar, kinofilmlər və musiqi əsərləri yaratmağa, Azərbaycan incəsənətinin inkişafında kadrlar hazırlamaqda və tərbiyə etməkdə böyük xidmətlərə görə verilir.

 

Bəzi insanlar fəxri adların verilməsi meyarlarında dəyişiklik edilməsinin lazım olduğunu düşünür. Bəs həqiqətən də, fəxri adların verilməsi meyarlarına dəyişiklik etməyə ehtiyac varmı?

 

Mövzu ilə bağlı Modern.az-a danışan Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Fazil Mustafa fəxri adların verilməsində ədalətsizlik olduğunu bildirib. Onun fikrincə, ya fəxri adlar ləğv edilməli, ya da ədalətli şəkildə veriməlidir:

 

1220711

 

“Hesab edirəm ki, fəxri adların verilməsi məsələsinə ciddi yanaşılmalı və yenidən baxılmalıdır. Həqiqətən, bu ada layiq olanlar bir çox hallarda kənarda qalırlar. Ölkə prezidenti bütün sənət adamlarına, yazarlara, rəssamlara hər kəsə xüsusi diqqət göstərir. Fikrimcə, ictimaiyyətin rəyi nəzərə alınmalıdır. Məsələn, Rais Rəsulzadə kimi nəhəng rəssamın 75 yaşı tamam oldu. Buna baxmayaraq, ona Azərbaycanın Xalq rəssamı adı verilmədi. Gəlin Xalq rəssamı adı verilən insanların siyahısına baxaq, ondan daha çox bu ada layiq olanlar var? Həmçinin, Azərbaycanın ən görkəmli şairlərindən biri olan Məmməd İsmayılın 80 yaşı haqlamasına baxmayaraq, ona bu ad verilmədi. Lakin sənətdə bir izi, çəkisi olmayan insanlar xalq artisti adı alırlar. Bunların hər biri ciddi şəkildə yenidən gözdən keçirilməlidir ki, dövlətin ədalət tərəzisi pozulmasın. Düşünürəm ki, bu istiqamətdə ciddi şəkildə düşünmək lazımdır.Cəmiyyətdə olan dəyərli sənət adamlarını, yazarları, istedadlı insanları dövlətdən narazı salmağa ehtiyac yoxdur”.

 

1220712

 

Mill Məclisin Mədəniyyət komitəsinin üzvü Aqil Abbas isə vurğulayıb ki, bəzi şəxslər layiq olmadığı halda fəxri adlar alıb.

 

“İndi həmin şəxslərin adlarını çəkib, qalmaqal yaratmaq istəmirəm. Lakin bu məsələyə ciddi yanaşmaq lazımdır. Ancaq fəxri ad alanlar içərisində ona layiq olanların sayı da həddən artıq çoxdur”, – deputat vurğulayıb.

 

Aytac Əsədova

Mənbə

Share: