Erməni şahid nəyi etiraf etdi

Erməni şahid nəyi etiraf etdi

SSRİ-nin ali hakimiyyət orqanları və erməni agenturasının Sumqayıt şəhərində törətdiyi hadisələrdən 35 il ötür. 1988-ci ilin 27-29 fevralında yaşanan hadisənin baş verməsində Sumqayıt əhalisi arasına yerləşdirilən və Azərbaycan dilini təmiz bilən ermənilərdən ibarət təxribatçı qruplar xüsusi rol oynayıb. Ermənilərin bu hadisələrin baş verəcəyindən əvvəlcədən xəbərləri olub. Həmin ərəfədə yüzlərlə erməni banklardakı əmanətlərini əvvəlcədən çıxarıblar.

 

1988-ci il fevralın son günlərində SSRİ DTK-sının himayə etdiyi ermənilərdən ibarət təxribatçı qruplar şəhərin müxtəlif yerlərində qətliamlar törədib. Erməni milliyətindən olan 26 nəfərin qətlə yetirilməsini məhz bu dəstələr həyata keçirib. Şəhərə yeridilən general Krayevin rəhbərlik etdiyi ordu hissələri isə cinayət olayını kənardan izlədikdən sonra, fevralın 29-da hadisələrə müdaxilə edib. Nəticədə 6 azərbaycanlı tankların tırtılları altında qalaraq şəhid olub, 400 nəfər xəsarət alıb, 200 mənzil talan edilib, 50 mədəni-məişət obyekti dağıdılıb, 40-dan çox avtomobil yararsız hala salınıb.

 

İstintaq qrupu Sumqayıt hadisələrinin səbəblərini, cinayətin törədilməsinə yarıdılmış şəraiti, əsl təşkilatçıları və qatilləri müəyyənləşdirməyib. Həbs olunan 93 nəfər azərbaycanlı 2 ildən 15 ilədək müddətlərə azadlıqdan məhrum edilib. Hadisələrin təşkilatçısı qismində mühakimə olunan Əhməd İman oğlu Əhmədova isə SSRİ Ali Məhkəməsinin 1988-ci il 18 noyabr tarixli hökmü ilə güllələnmə hökmü kəsilib. Amansız hökm 17 ay sonra icra olunub. 

 

 

35 il öncə baş vermiş hadisələrdə ittiham olunaraq güllələnən Əhməd Əhmədovun bacısı Əzizə Əhmədova Modern.az-a müsahibəsində Sumqayıt hadisələri ilə bağlı sensasion fikirlər səsləndirib, qardaşının şərləndiyini bildirib.

 

Onunla söhbətimizi təqdim edirik:

 

– Sumqayıt hadisələrinin necə xatırlayırsınız? O zaman şəhərdə nə baş verirdi? Məlum hadisələrdə ittiham olunan qardaşınızla bağlı indiyədək ictimaiyyətə məlum olmayan hansı məqamlar var?

 

– O vaxt qonşumuzun toyu idi, Əhməd də orada idi. O bizə deyirdi ki, icra hakimiyyətinin qarşısına insanlar gəlmişdi və vəziyyət çox pis idi. Həyat yoldaşım da o zaman Əhmədin yanındaydı. Mən Bakıda atamgildə qalırdım. Əhməd daha sonra işə getdi. Hətta, evə getmək üçün belə əziyyət çəkirdim. Qızımla birlikdə piyada gedərək avtovağzala çatdıq. Qızımın o zaman 2 yaşı var idi. Avtobusa mindikdən sonra ermənilər bizi daşlamağa başladılar. Övladımı qorumaq üçün onu oturacağın altına saldım. Sumqayıta çox əziyyətlə çatdıq. Əhməd isə saat 4-də işdən çıxıb. Bunu müdriyyət də təsdiqləmişdi. Əhmədə böhtan atılıb, o heç vaxt qatil olmayıb. Bizim blokumuzda 5 erməni ailəsi yaşayırdı. Qardaşım belə addım atmaq fikrindəydisə, niyə qonşularımıza qarşı etmədi?! Bu, sadəcə qardaşıma atılmış böthandır.

 

 

– Necə oldu ki, qardaşınız etirazlara qoşuldu?

 

– Həmin gün saat 4-dən sonra ermənilərin törətdiyi vəhşiliklərə görə bütün millət etiraz etmək üçün yürüş keçirirdi, qardaşım da onların arasında idi. Sumqayıtın o zamankı vəziyyətini gözümün önünə gətirəndə çox pis oluram. Sovet hakimiyyətinə Sumqayıt hadisələri ilə bağlı qurban lazım idi və qurban da qardaşım oldu. Əhməd nişanlıydı və iki ay sonra toyu olacaqdı. Atam özü dedi ki, etirazlardan 10 gün sonra Əhmədi hamamda olarkən tutub apardılar.

 

– Sizcə, niyə məhz Əhməd Əhmədov qurban seçildi?

 

– Qardaşıma böhtan atdılar. O, günahsız idi. Məhkəmədə atam, anam və qardaşlarım iştirak edib. Əhmədin öz kostyumu var idi, ancaq məhkəmədə sübut kimi göstəriləndən kostyum fərqli idi. Oğlum 8-9 il Rusiyanın Leninqrad şəhərində yaşayıb. Orada bir erməni rastlaşıb, söhbət ediblər. Oğlum ona Əhməd Əhmədovun bacısı oğlu olduğunu söylədikdən sonra həmin erməni etiraf etmişdi ki, məhkəmədə saxta şahidlərdən biri olub. Qardaşım öz məhkəməsində də bir neçə dəfə bu hadisəni onun törətmədiyini dedi.

 

 

– Qardaşınız saxlanılandan sonra ondan xəbər ala bilirdinizmi?

 

– Ailəm Əhməd barəsində verilən qərarı dəyişdirmək üçün çox çalışırdı. Əmim onun tutulduğu yerə yaxın qalırdı və hər ay ona müəyyən ərzaq və digər lazım olan ləvazimatları aparırdı. O vaxt rəis əmimə söyləmişdi ki, Əhmədin işinə yenidən baxılacaq. Onun azadlığa çıxması üçün vəkil tutmuşduq. Hətta 1988-ci ildə Əhmədin azadlığa buraxılması üçün böyük bir izdiham yaşandı. İnsanlar küçələrə axışaraq onun günahsız olduğunu, bəraət verilməsini bəyan edirdilər. Hətta vəkili belə bu haqsızlığa qarşı susqun qalmayacağını deyirdi. Həmin vəkil daha sonra həyatını itirdi. Ondan sonra digər vəkillər Əhmədin işinə baxmaqdan imtina edirdilər.

 

Bir müddət sonra Əhmədin ölümü ilə bağlı bizə arayış verildi. Lakin onun şəklini gətirmədilər. Onu da bildirim ki, Sumqayıt hadisələrində Əhmədlə birlikdə aktrisa Afaq Bəşirqızı da olub. İllər sonra Azərbaycan dövləti Əhmədin günahsız olduğunu  təsdiqləyib.

 

(Əhməd Əhmədovun ölümü ilə bağlı ailəsinə göndərilən arayış)

 

Rahib Ələsgərov

Mənbə

Share: