Teatrların bir qarnı ac, bir qarnı tox olması düşüncəsi yanlışdır.
Modern.az-ın məlumatına görə, bunu teatrşünas Elçin Cəfərov “Azərbaycan teatrı – 150: inkişaf perspektivləri” mövzusunda keçirilən Teatr Forumunda deyib.
Onun sözlərinə görə, teatrların heç birində marketinqlə bağlı şöbə yoxdur: “Azərbaycan teatrının yalnız dövlət vəsaitindən asılılığı onu geri salır. Əlavə sponsorlar olmalıdır. Teatrların heç birində marketinqlə bağlı şöbə yoxdur. Amma bu çox vacib məsələdir. Rəqəmsal marketinqlə bağlı problemlər var”.
Teatrşünas-tənqidçi, Əməkdar incəsənət xadimi İlham Rəhimli isə çıxışında maaşların azlığından şikayətlənib:
“Aktyor var ki, işdən sonra mühafizəçi işləyir. Çünki kirayə haqqını verməlidir. Gənc aktyorların çoxu evsizdir. Bu gün gömrük idarəsində, “SOCAR”da, dəmiryolu, nəqliyyat və digər yerlərdə qapıda oturan və 8-ci sinfi bitirən mühafizəçi Azərbaycanın Xalq artistindən iki-üç dəfə artıq maaş alır”.
İ.Rəhimli teatrların kommunal ödənişlərdən azad olunmasın xahiş edib.
Xalq artisti Afaq Bəşirqızı da maaş azlığından gileylənib: “Həmkarlarımı, aktyorları qınamayın, problemlər çoxdur. Teatrların kateqoriyası məsələsinə diqqət yetirilməlidir. Eyni zamanda, aktyorların maaşına baxılsın, onlara evlər tikilsin”.