Xəbər verdiyimiz kimi, aprelin 11-i Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutub.
Müdafiə Nazirliyinin yaydığı məlumata görə, qarşı tərəfin törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları şəhid olub və yaralanıb.
Hazırda ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülür.
Modern.az xəbər verir ki, təxribata əl atan Ermənistan tərəfi də itkilər verib. Ermənistan Müdafiə Nazirliyindən bildirilib ki, sərhəddə baş vermiş atışma zamanı erməni hərbçiləri arasında ölənlər və yaralananlar var.
Rəsmi məlumatda itki sayı ilə bağlı konkret rəqəm açıqlanmayıb. Lakin sosial şəbəkələrdə Ermənistanın 3 hərbçisinin öldüyü, xeyli sayda yaralının olduğu bildirilib. Bəzi teleqram kanallarında isə ölü sayının daha çox olduğu qeyd edilib.
Təxribat zamanı Ermənistanın Əlahiddə Ümumqoşun Korpusunun komandiri Armen Qyozalyan da yaralanıb.
Fotoda: Armen Qyozalyan