“Hesab edirəm ki, Çinin “Orta Dəhliz” layihəsi Qazaxıstan və Azərbaycandan keçməklə çox perspektivi olan bir layihəyə çevriləcək”.
Bunu Modern.az-a açıqlamasında Milli Məclisin üzvü Ceyhun Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstan səfəri barədə danışarkən deyib.
Deputatın sözlərinə görə, əsas məsələ Azərbaycan-Qazaxıstan-Çin arasında birgə əməkdaşlığın güclənməsi, birgə layihələrin həyata keçirilməsi, yükdaşımaların həcminin artırılması kimi mühüm məsələlərin müzakirə olunmasıdır.
“Azərbaycan və Qazaxıstan yeni layihələrin reallaşması istiqamətində konkret addımlar ata biləcək. Əlbəttə ki, burada Çinlə əlaqələr və onların güclənməsi də xüsusi əhəmiyyət daşıyan bir məsələdir. Düşünürəm ki, bu daha çox iqtisadi mahiyyət daşıyan bir layihədir”.
C.Məmmədovun sölzərinə görə, bu layihənin digər bir halqası da Şərqi Zəngəzur dəhlizidir:
“Hesab edirəm ki, səfər zamanı aparılan müzakirələr yeni dəhlizlərin inkişafına, daha da güclənməsinə öz töhfəsini verəcək”.
Deputat qeyd edib ki, Azərbaycan-Qazaxıstan əlaqələri bu gün yeni mərhələyə daxil olub:
“Hər iki ölkə Türk Dövlətləri Təşkilatı çərçivəsində çox sıx əməkdaşlıq edir. Bu gün Azərbaycan və Qazaxıstan xüsusilə nəqliyyat dəhlizlərinin inkişafı, yükdaşımaların həcminin artırılması istiqamətində sıx əməkdaşlıq edir. Hesab edirəm ki, İlham Əliyevin səfəri iki ölkə arasında əlaqələrin möhkəmlənməsinə, daha da güclənməsinə öz töhfəsini verəcək”.