Ombudsmandan hərbçimizə işgəncə verilməsi ilə bağlı BƏYANAT- YENİLƏNİB

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistan tərəfindən saxlanılan Azərbaycan hərbi qulluqçusuna qarşı işgəncə və qeyri-insani rəftarla bağlı faktlara münasibət bildirib.

 

Ombudsman Aparatından Modern.az-a verilən xəbərə görə, Ermənistan kütləvi informasiya vasitələrində Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusunun işgəncə və qeyri-insani rəftara məruz qalması ilə bağlı foto və video materiallar yayılıb.

 

“Bir neçə gün öncə Azərbaycan Ordusunun iki hərbi qulluqçusunun əlverişsiz hava şəraiti ilə əlaqədar yolu azaraq Ermənistanla sərhəd ərazisində itkin düşməsi barədə məlumatlar yayılmış, Ermənistan tərəfi isə onların saxlanıldığını təsdiqləmişdi.

 

Ermənistan kütləvi informasiya vasitələrində bu gün yayımlanan video və fotolarda Azərbaycan hərbi qulluqçusuna münasibətdə beynəlxalq sənədlərə zidd olaraq işgəncə və digər qeyri-insani hərəkətlərin törədilməsi aydın şəkildə öz təsdiqini tapır. Belə ki, yayılmış videoda Azərbaycanlı ihərbi qulluqçunun əl-qolu bağlanmış vəziyyətdə döyülməsi, ləyaqətinin alçaldılması müşahidə edilir.

 

“Hərbi əsirlərlə rəftar haqqında” III Cenevrə Konvensiyasına əsasən, döyüş əməliyyatlarında bilavasitə iştirak etməyən şəxslərlə bütün hallarda insani rəftar edilməlidir və hərbi əsirlər hər zaman xüsusən zorakılıq əməlləri, hədələnməkdən müdafiə olunmalıdır.

 

Azərbaycan Ombdusmanı olaraq, hərbi qulluqçumuza qarşı bu cür qeyri-insani rəftar göstərilməsi faktı ilə bağlı aidiyyəti beynəlxalq təşkilatlara müraciət edərək, bu fakta reaksiya verməyə və Ermənistanı beynəlxalq hüququn üzərinə götürdüyü tələblərinə riayət etməyə çağırmağa dəvət edirəm. Eyni zamanda, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Ermənistandakı nümayəndəliyindən təcili olaraq həmin hərbi qulluqçularımıza baş çəkilməsini və onların vəziyyəti ilə bağlı məlumatların verilməsini tələb edirəm”.

 

***

15:41

 

Ombudsman Aparatı silahsız Azərbaycan hərbçisinə qarşı Ermənistanda işgəncə görüntüləri ilə bağlı bəyanat yayacaq.

 

Bu barədə Modern.az-a Aparatdan məlumat verilib. 

 

“Ombudsman Aparatının bəyanatı yaxın zamanda dərc olunacaq”, – deyə rəsmi açıqlamada bildirilib. 

 

Qeyd edək ki, Azərbaycan Ordusunun itkin düşən əsgəri Axundov Hüseyn Əhliman oğlu Ermənistan ərazisində saxlanılıb. Onun Qafan rayonunda tutulduğu bildirilib. Sosial şəbəkələrin erməni seqmentində azərbaycanlı əsgərin foto və videoları yayılıb.

 

Kadrlardan göründüyü kimi, H.Axundov Ermənistanda saxlanıldıqdan sonra amansız işgəncələrə məruz qalıb.

 

Xatırladaq ki, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iki hərbçisi əsgərlər – 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu itkin düşüblər.

Mənbə

Share: