“Sülh müqaviləsinin imzalanması prosesi sürətləndirilməlidir. Düşünürəm ki, Bakı ilə İrəvan arasındakı sülh, Nikol Paşinyanın öz ölkəsində mövqeyinin möhkəmlənməsinə də səbəb ola bilər. Həmçinin, bir çox faktlar de-yure təsdiqini tapacaq”.
Bu sözləri Publika.az-a açıqlamasında politoloq Qabil Hüseynli səsləndirib.
Politoloqa görə, sülh müqaviləsi imzalandıqdan sonra Azərbaycan artıq Qarabağın dağlıq hissələrində, xüsusən də, Xankəndidəki separatçılarla məşğul olmağa başlayacaq. Bu isə aşağıdakı kimi həyata keçiriləcək:
“Əvvəlcə qarşı tərəflə təmas qurulacaq. Təmas qurulmalı qüvvələr artıq müəyyənləşdirilib. O qüvvələr, əsasən mülki əhalinin içərisindən çıxmış insanlar, eyni zamanda, hərbi elitaya aid olan Balasanyan, Babayan kimi şəxslərdir. Onların vasitəsilə Qarabağdakı separatçı dəstənin, Araik Arutyunyan, Ruben Vardanyan və bu kimi digər terrorçuların əsas əhali kütləsindən – mülki əhalidən təcrid olunma prosesinə başlaya bilərik. Bunun üçün əlbəttə ki, anti-terror əməliyyatlarına deyil, xüsusi əməliyyatların hazırlanmasına və həyata keçirilməsinə ehtiyac olacaq. Həmin xüsusi əməliyyatlar isə “nöqtə əməliyyatı” adlanır. Sözügedən əməliyyatlar separatçı qüvvələrin evlərinə, ofislərinə və s. ildırımsürətli hücumlar sayəsində baş tuta bilər”.
Qabil Hüseynli bildirib ki, Xankəndidəki separatçı silahlı dəstələrin motivasiyasının və döyüş əhval-ruhiyyəsinin yüksək olmaması qeyd olunan əməliyyatların uğurla nəticələnəcyinə zəmin yaradır. “Üstəlik, “Nöqtə əməliyyatı”nı xüsusi təyinatlı qüvvələr gerçəkləşdirəcək. Əgər təcridedilmə prosesi baş tutmasa, terrorçular yerindəcə zərəsizləşdiriləcək. Onlar zərəsizləşdirildikdən sonra mülki əhalinin tədricən Azərbaycan cəmiyyətinə inteqresiya və adaptasiya proseslərini həyata keçirmək mümkün olacaq”, – politoloq əlavə edib.