“Himayədar ailə” qayğı modelinin tətbiqi ilə bağlı hüquqi baza yaradılır

Ölkəmizdə “Himayədar ailə” qayğı modelinin tətbiqi ilə bağlı qabaqcıl dünya təcrübəsi öyrənilməklə normativ hüquqi bazanın yaradılması işləri davam edir.

 

Bu barədə Modern.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) bildirilib.

 

Himayədar ailə institutunun tətbiqinə hazırlıq işlərinə dair nazirlikdə keçirilən iclasda məlumat verilib.

 

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli qeyd olunan modelin tətbiqi prosesinin uşaqların maraq və mənafelərinin üstün tutulması prinsipinə əsaslanacağını vurğulayıb.

 

Vurğulanıb ki, “Himayədar ailə” qayğı modelinin əsas məqsədi də dövlət müəssisələrindəki uşaqların himayədar ailələrə verilməsi ilə ailə mühitində yaşamalarına və onların ailə mühitində inkişafına şərait yaradılması, valideyn himayəsindən məhrum uşaqların müəssisələşməsinin qarşısının alınmasıdır.

 

Övladlığagötürmə sahəsində olduğu kimi, himayədar ailə qayğı sisteminin tətbiqi də “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsistemi üzərindən həyata keçiriləcək. Himayədar valideyn olmaq istəyən şəxslərin və himayədar ailəyə verilmiş uşaqların vahid uçotu e-sistem üzərindən aparılacaq.

 

İclasda müvafiq sahə ilə bağlı hazırlanmış qanunvericilik layihələrinə, “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsisteminin yeni funksional imkanlar əlavə olunmaqla təkmilləşdirilməsi işlərinə dair müzakirələr aparılıb.

Mənbə

Share: