ABB-nin İsmayıllı şöbəsinin yeni ofisi açıldı

ABB-nin İsmayıllı şöbəsinin yeni ofisi açıldı

Azərbaycan Beynəlxalq Bankı xidmət ofislərinin yeni konseptə uyğun inkişafı layihəsini davam etdirir. Xidmətin keyfiyyətinin artırılması, müştəri məmnuniyyətinin əldə olunması məqsədilə həm Bakı, həm də regionlardakı filial və şöbələr vahid korporativ üsluba uyğunlaşdırılır. Layihə çərçivəsində Azərbaycan Beynəlxalq Bankının İsmayıllı şöbəsinin ofisi də yeni ünvanda istifadəyə verilib. Şöbə bundan sonra fəaliyyətini İsmayıllı rayonu, Mirzə Fətəli Axundzadə küçəsi – 18 ünvanında davam etdirəcək.

Millletinsesi.az xəbər verir ki, ofis geniş ərazidə yerləşir. Bina ən müasir bankçılıq texnologiyaları ilə təchiz olunub. Burada müştərilərə operativ və yüksək keyfiyyətli xidmət üçün hər cür şərait yaradılıb. İsmayıllı şöbəsində vətəndaşlara kassa-hesablaşma əməliyyatları, əmanətlər, pul köçürmələri, plastik kartların sifarişi, kommunal ödənişlər, nağd valyuta ilə əməliyyatlar və s. də daxil olmaqla, bir çox bank məhsul və xidmətləri təklif edilir.

Bankın Filiallarla iş departamentinin direktoru Emil Qədimov xidmət ofislərinin yeni konseptə uyğun inkişafı layihəsinin bundan sonra da davam etdiriləcəyini bildirib: “Azərbaycan Beynəlxalq Bankı ölkəmizin ən geniş xidmət şəbəkəsinə malik banklarındandır. Yenilənmə tədbirlərimiz ən ucqar xidmət ofislərimizi də əhatə edəcək. Hazırda bir çox filial və şöbələrimizdə bu layihə uğurla davam etdirilir. Məqsədimiz müştərilərimizin layiq olduqları ən yüksək xidməti onlar üçün təmin etməkdir. Ümid edirik ki, müştərilərimiz yenilənmiş İsmayıllı şöbəmizdəki şəraitdən məmnun qalacaqlar. Bankımız müştərilərə təqdim etdiyi çeşidli məhsul və xidmətləri, biznesə davamlı dəstəyi ilə bu regionun sosial-iqtisadi inkişafında fəal rol oynayacaq”.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Feysbuk səhifəsindən əldə etmək olar.

Share: