ABŞ və Avropa İttifaqı Putinin referendumlarnıı qanunsuzluq və hoqqabazlıq adlandırdı…

“Rusiyalı deputatlar Kremlə Putinin iştirakı ilə vacib tədbirə çağırılıb” 

 

Vladimir Zelenski Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının təcili iclasını çağırır…

 

 

Rusiya parlamentinin aşağı palatasının üzvləri sentyabrın 30-da saat 15:00-da Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə tədbirə dəvət alıb. 

 

Moderator.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Kommunist Partiyasından Dövlət Dumasının deputatı Denis Parfyonov özünün “Teleqram-kanal”ında məlumat verib. 

 

Rusiya prezidentinin mətbuat katibi Dmirti Peskov dəqiqləşdirib ki, Kremldə tanınmamış “DXR” və “LXR”, habelə işğal olunmuş Xerson və Zaporojye vilayətlərinin “Rusiyanın tərkibinə qatılması” barədə müqavilələrin imzalanma mərasimi keçiriləcək. Bundan başqa, Rusiya prezidentinin çıxışı gözlənilir.

 

“Bu tədbirdə prezident Putinin geniş çıxışı olacaq. Bu, Federal Məclisə prezidentin müraciəti deyil, bunu səhv salmamaq vacibdir”,- Peskov vurğulayıb.

 

O, əlavə edib ki, Kreml rəhbərinin müraciəti daha sonra olacaq. Bu gün, sentyabrın 29-da isə Putin Federasiya Şurası ilə operativ iclas keçirəcək. 

 

“Ərazilərin Rusiya Federasiyasına qatılması barədə müqavilələr bununla bağlı məsələlərin Federasiya Şurası tərəfindən baxılmasınadək imzalanacaq”,- Peskov qeyd edib.

 

“Meduza” nəşri izah edir ki, “Rusiya Federasiyasına qəbul qaydası haqqında” Qanuna uyğun olaraq, aşağıdakı prosedurlar gözlənilməlidir:

 

– Rusiya əvvəlcə Xerson və Zaporojye vilayətlərini müstəqil dövlət kimi tanımalıdır (“DXR” və “LXR” müharibədən öncə tanınıb);

 

-sonra Putin nəzarətdə olan ərazilərlə beynəlxalq müqavilələr imzalamalı, onlar Rusiyanın Konstitusiya Məhkəməsi tərəfindən ekspertizadan keçirilməli və parlament tərəfindən təsdiq edilməlidir;

 

– sonda ilhaq haqqında qərar Putin tərəfindən imzalanmalıdır.

 

Bu arada isə Ukrayna prezidenti Vladimir Zelenski Ukrayna Milli Təhlükəsizlik və Müdafiə

Şurasının (MTMŞ) təcili iclasını çağırır.

 

Bu barədə prezidentin mətbuat katibi Sergey Nikirforov özünün “Facebook” səhifəsində yazıb. 

 

“Prezident Vladimir Zelenski sentyabrın 30-da MTMŞ-nin təcili iclasını çağırır. Gündəlik məsələ və başqa təfsilatlar haqqında sonra məlimat veriləcək”, – Nikirofov yazıb.

 

Bu barədə məlumatı MTMŞ-in mətbuat xidməti də dərc edib. İclasın keçirilmə səbəbi göstərilmir.

 

Bu ərəfədə üzdəniraq “referendumların” nəticələri açıqlanıb.

 

İddia edilir ki, Zaporojye vilayətində Rusiyaya birləşməyə əhalinin 93 faizi, Xersonda 87 faizi, “DXR”-də 99 faizi, “LXR”-də 98 faizi səs verib.

 

Ukrayna, ABŞ, Avropa İttifaqı ölkələri işğal edilmiş Ukrayna ərazilərində keçirilən saxta referendumların nəticələrini yekdilliklə tanımır.

 

Qərb ölkələri bunu qanunsuzluq və hoqqabazlıq adlandırıb.

Mənbə

Share: