ADP idarə heyəti ilin ilk toplantısını keçirib

 

Bu gün ADP İdarə Heyətinin ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyai vəziyyətə dair növbəti toplantısı keçirilib. İdarə Heyəti ilk növbədə Rusiyanın Ukraynaya qarşı başlatdığı, işğalçı, təcavüzkar müharibənin daha amansız xarakter alması, hər iki tərəfdən müharibə qurbanlaranın sayının durmadan artması məsələsinə münasibət bildirib. Beynəlxalq qınaqlara, müharibəni dayandırmaq çağırışlarına baxmayaraq Putin Rusiyasının müharibə planlarından geri durmaması faktına diqqət çəkən partiya rəsmiləri son vaxtlar adı çəkilən ölkənin Ukraynanın dinc əhalisinə, mülki obyektlərə raket zərbələri endirməsi faktını qətiyyətlə pisləyib və beynəlxalq gücləri Rusiyaya qarşı daha təsirli sanksiyalar tətbiq etməyə, bu terrorist dövləti, onun hərbi-siyasi elitasını beynəlxalq məhkəmə qarşısına çıxarmaq üçün təcili tədbirlər görməyə çağırıb.

 

 

 

İdarə Heyəti eko-fəallarının Xankəndi-Laçın yolunda keçirdiyi dinc aksiyanın davam etməsini təqdir edib, bu aksiyanın Azərbaycana məxsus qızıl yataqlarının istismarının dayandırılması, mərkəzi Ermənistan hakimiyyəti ilə separatçı rejim arasında fikir ayrılığının yaranması baxımından əhəmiyyətini qeyd edib və hakimiyyəti bu dinc aksiyaya qarşı Ermənistan tərəfindən aparılan əks təbliğatın qarşısını almaq üçün siyasi, diplomatik səyləri gücləndirmək, onların humanitar fəlakət barədə yaydığı şayələrin aradan qaldılımasına yönəlik ciddi addımlar atmağa çağırıb. Eyni zamanda gizli yollarla Ermənistandan Xankəndi iqtisadi zonasına ayrı-ayrı şəxslərin, hərbi təyinatlı yüklərin daşınmasının qarşısını almaq üçün bütün vasitələrdən istifadə etməyə, bu istiqamətdə axının qarşısını almaq üçün tədbirlər görməyə çağırıb.

 

İdarə Heyəti Siyasi Partiyalar Haqqında yeni Qanunun qəbul edilməsi məsələsinə münasibət bildirib. Qeyd edilib ki, ilk layihəyənin Milli Məclisdə müzakirəsindən sonra nisbi dəyişikliklər edilməsinə baxmayaraq bu qanunun siyasi partiyaların fəaliyyətini süni şəkildə məhdudlaşdıran müddəaları qüvvədə saxlanılmış, qanunun qəbulu zamnı Avropa Şurasının Venesiya Komissiyasının rəyi öyrənilməmiş və nəticədə hakimiyyətin siyasi istəyinə uyğun bir qanun ərsəyə gəlmişdir.

 

İdarə Heyəti ölkədə mövcud olan siyasi motivli həbslərə də diqqət çəkib və bir sıra siyasilərin, ictimai aktivistlərin həbsə atılmasından ciddi narahat olduğunu diqqətə çatdırıb. Partiya rəsmiləri bu və ya digər adlar altında həbs edilən şəxslərin, VİP sədri Ə.Əliyevin, Müsavat Partiyasının üzvü T.Yaqublunun, ictimai fəal B.Hacıyevin, İ.Aslanlının, tanınmış jurnalist Ə.Zeynallının və adı çəkilməyən digər siyasi məhbusların dərhal azadlığa buraxılması üçün ölkə prezidentini bu istiqamətdə humanist addımlar atmağa çağırıb. 

 

İdarə Heyəti çağdaş tariximizə “Tərtər cinayətləri” kimi daxil olan hadisələrə bir daha münasibət bildirib, “5-ci kolonun” əli ilə törədilən bu hadisələri milli ordumuza, onun zabit və əsgərlərinin şərəfinə qarşı yönələn, dövlətin dayağı olan ordumuzun hərbi qüdrətinin zəiflədilməsinə xidmət edən hadisə kimi dəyərləndirib və hakimiyyəti bu əməli törədən, onun başında duran qüvvələri, başda keçmiş Respublika prokuroru. Z.Qaralov, Hərbi Prokuror X.Vəliyev, sabiq baş qərargah rəisi N.Sadıqov və bu cinayətdə adı keçən digər şəxsləri ədalət məhkəməsinə cəlb etmək üçün addımlar atmağa, onları müharibə qanunlarına uyğun mühakimə etməyə çağırıb.

 

İdarə Heyəti yeni təqvim ilinin başlağıcında ölkə başçısı tərəfindən əhalinin sosial rifahının yaxşılaşdırılması ilə bağlı verdiyi sərəncam çərçivəsində minimum əməkhaqqının və büdcə təşkilatlarında çalışan işçilərin, o cümlədən sosial müavinətlərin və pensiyaların artırılmasını təqdir edib. Eyni zamanda atılan addımlar ölkədəki infilyasiyaya, bahalaşmaya adekvat olmadığına və əhalinin bəzi həssas qruplarını əhatə etmədiyinə görə yarımçıq addım kimi dəyərləndirilib.    

 

Mənbə

Share: