“Afrikadan təbriklər”-qaradərililərin əməyindən sui- istifadə olunur?-FOTO+AÇIQLAMA

Bu günlərdə sosial şəbəkədə qaradərililərin Azərbaycan dilində danışıb, insanlara təbrik ünvanlaması görüntüləri qarşıma çıxdı. Öz-özümə düşündüm ki, bütün dünya aclıq və susuzluqdan əziyyət çəkən Afrikalılara yardım edir, bəs görəsən bu əməkdən sui-istifadə nədir? Çox məyus oldum. Məsələnin fərqinə varanda isə əsl həqiqət üzə çıxdı. Sən demə bu Azərbaycanda yeni yaranmış “Afrikadan təbriklər” adlı biznes növüdür. Bəs Afrikadan bu videoları çəkən kimlərdir? Onlar hansı məbləğ qarşılığında təbrik videoları çəkirlər? Bu kimi suallara “African blessing-Afrikadan təbriklər” səhifəsinin rəhbəri Azər Rüstəm vasitəsilə cavab tapmağa müvəffəq olduq. Layihə rəhbəri bildirib ki, burada qaradərililərin əməyindən istifadə olunmur, əksinə onlara pul qazandırır.

“Bu dünyada məşhur olan bir layihədir və hər ölkədən sifarişlər qəbul edilir. Maraqlı və kreativ təbrik sayılır. Biz də artıq onlarla əməkdaşlığa başlamışıq. Təbriki səsləndirənlər Zambiya və Ruandanın sakinləridir. Sifariş üçün lövhəyə yazılacaq söz, deyiləcək səsli söz, rəqs ediləcək mahnı və şəkil (hansı ki, çap olunub əldə tutulacaq və rəqs ediləcək) lazımdır. Şəkilin öpülməsi və qucaqlanması istəyə uyğun olaraq olmaya da bilər. Bu təbriklərə ölkəmizdə böyük maraq var. Sifarişlərin qəbuluna xüsusi həssaslıqla yanaşılır. Qərəz və nifrət nitqli sifarişlər, söyüşlər qəbul edilmir. Orada “Ağ şalvarlı oğlanlar”, “Göy şalvarlı oğlanlar”, “Güllü xanımlar” və s. adlandırdığımız qruplar var. Bu təbriklər əlbəttə ki, ödənişlidir. Azərbaycan üçün lokal qiymət 30-35 azn təyin etmişik. Dünyada isə bu təbrikin qiyməti ən azı 40 dollardır. Biz də dünyaya çıxsaq ən azı bu qiymətdən başlayacağıq. Bu da sayt, ödəniş interasiyası və s. xərclərə görədir. Biz yalnız sifarişləri qəbul edib onları kordinatorla əlaqələndiririk. Bu məbləğin onların aralarında necə bölüşdürüldüyü haqda detallı məlumata sahib deyilik. Mən səsi mesaj şəkilində kordinatora göndərirəm, iştirakçılar da həmin səsi mikrofonla təkrarlayırlar. Əlbəttə ki, bütöv bir cümləni göndərmirəm. Bir cümlənin içində olan sözləri tək-tək göndərirəm. Çünki onlar bizim dilimizi bilmirlər. Rusiya bazarı həddən artıq böyükdür və qiymətlər də fantastikdir. Təxminən bizim pulla həmin təbrikləri 90 manata edirlər. Adətən doğum günləri, sevgi etirafları, bayram təbrikləri sifariş edirlər. Sevgililər günündə və 8 mart Beynəlxalq qadınlar günündə sifarişlərimiz çox idi. Novruz bayramı üçün hətta onlardan yallı rəqsini etmələrini də xahiş etdim. Bu həm də təbliğatdır. Milli adət ən-ənələrimizi yaşadırıq, onları xarici ölkədə də təbliğ edirik” deyə layihə rəhbəri bildirib.

 

 

Azər Rüstəm bildirib ki, bu qrupların da özlərinə görə kaprizləri var.

 

“Azərbaycan bayrağını göndərmişdim, nədənsə qəbul etməmişdilər. Çünki düşünürdülər ki, burada siyasi motiv ola bilər. Əvəzində Zəngəzur mahalının da əks olunduğu Azərbaycan xəritəsini göndərdim, qəbul etdilər. “Zəngəzur Azərbaycandır” adlı mahnıya rəqs də etdilər. Bu bir növ həm də sosial layihədir. Məmnuniyyət bizim əsas prioritetimizdir” deyə layihə rəhbəri bildirib.

 

Müsahibimiz həmçinin onu da bildirib ki, hələ də bu təbriklərin Afrikadan çəkilib göndərilməsinə şübhə ilə yanaşanlar var.

“Bu videoların süni intellekt, montaj proqramı vasitəsilə hazırlandığını düşünən şəxslər var. Bu mövzuda onlardan inamsızlıq hiss etmişik. Çünki dələduzlar bu sahədə də var. Montaj olunan bir-neçə videonu kreativ təbrik adı ilə insanlara təqdim edənlər olmuşdu. Bununla bağlı çox suallar gəlir. Biz hətta bunu sübut edən video görüntülər də səhifəmizə yükləmişik. İnanmayanlar səhifədə izləyə bilər. Çox az qism insanlar isə onların əməyindən sui-istifadə etdiyimizi düşünür. Qətiyyən belə deyil. Dünyanın bir çox ölkələrindən sifarişlər gəlir. Kamera arxasında oturan şəxs də əcnəbidir. Həm də burada uşaq əməyindən istifadədən heç bir söz gedə bilməz. Çünki uşaq qruplarına çox az müraciət olunur. Biz özümüz də bu mövzuda həssaslıq nümayiş etdiririk. Onlar həm təbrik edir, həm də pul qazanır. Bu həm də onların büdcəsinə bir növ köməkdir” deyə layihə rəhbəri bildirib.

 

Mənbə

Share: