“Ağasəlim Çıldaq bizə meyxana, qafiyə öyrətməyib, deyirdi ki…”

“Ağasəlim Çıldaq bizə meyxana, qafiyə öyrətməyib, deyirdi ki…”

“Efirlərdə meyxana deməyə qoymurdular, onun sözündən sonra efirlər üzümüzə açıq oldu”

 

“Meyxana da, xiridarlar da çox dəyişib. Musiqili meyxana başladı fəaliyyətə. Mən musiqili meyxananın tərəfdarıyam. Əlbəttə ki, yaxşılarının, sanballılarının. Amma bu dəqiqə aləm qarışıb bir-birinə, mən xoşlamıram. Hamı musiqili meyxana deyir. Ümumiyyətlə meyxana deyəndə həddi aşmaq olmaz. Əsl meyxana çırtma ilə deyilir” 

 

Bunu Moderator.az-a açıqlamasında məşhur meyxana ustası Ağamirzə Məmmədov deyib.

“O vaxt meyxanaya bu qədər tələb yox idi. Dinləyici də bu günki kimi çox deyildi. Ona görə də bu gün meyxanaçılar öz üzərlərində işləməlidirlər. Mən bu gün də meyxana öyrənirəm. Əliağa Vahid rəhmətlik demişdi ki, bu sənəti ölənə qədər öyrənmək lazımdır. Bu çox böyük dəryadır. Mən dünən dediyim meyxananı bu gün bəyənmirəm. Yatanda fikirləşirəm ki, kaş elə yox, belə deyərdim. Çox yaxşı istedadlı meyxanaçılar var, amma onlar da öz üzərlərində çalışmalıdırlar” deyə Ağamirzə Məmmədov deyib.

 

Ağamirzə Məmmədov bildirib ki, illər öncə irəli sürdüyü təklifinin nəticəsi yaxşı olub.

“Mübarizə apardım, bir təklif irəli sürdüm ki, meyxanada qafiyəyə düşən sözlərdən istifadə edək. Qafiyəyə düşməyən sözlər deməklə özümüzü də, toy yiyələrini də, xiridarları da aldadıdırıq. Neçə illər səhv demişik, elə mən də demişəm. Bu sözümün təsiri oldu. Əslində bu böyük səhv də sayılmır, bir növ yola vermək kimidir. Nəyə lazımdır axı? O qədər qafiyəyə düşən sözlər var ki” deyə meyxanaçı deyib.

 

Ağamirzə Məmmədov dayısı, meyxana ustadı Ağasəlim Çıldaqdan da danışıb.

 

“Ağasəlim Çıldaq meyxananı elə zirvələrə qaldırıb, elə yerlərdə dedi ki.. Bu da sənət naminə edilən bir xidmətdir. Biz Ağasəlimlə hər dəfə ulu öndər Heydər Əliyevin qarşısında meyxana deyirdik. Ulu öndər hər dəfə bayramlarda Ağasəlim Çıldaqla salamlaşardı. Bir dəfə bayramda ulu öndər uzaqdan salamlaşmadı, avtomobili saxlatdırıb Ağasəlimlə görüşdü. Dedi ki, Ağasəlim, qafiyə varsa de gəlsin. O vaxt efirdə meyxana demək qadağan idi. Bizi efirdə meyxana deməyə qoymurdular. Məclislərdə, toylarda deyirdik. Əliağa Vahidin 100 illik yubileyində meyxana dedik. Sonra dedilər ki, heç kim getməsin, ulu öndər Heydər Əliyev gəlib sizlə görüşəcək. Gəlib hamımızla görüşdü. Ağasəlimə çatanda əlini qoydu çiyninə, dedi ki, Ağasəlim, meyxana sənəti yaxşı sənətdir, yaşadın onu. Ondan sonra bütün efirlər, media üzümüzə açıq oldu. Meyxananın yaşamasında ulu öndər öz fikrini bildirdi. Bizim əlimizi də sənətə çatdıran elə Ağasəlim olub. Toylara aparırdı bizi, pulları aramızda bölürdü. Ağasəlim bizə bir meyxana, qafiyə öyrətmədi. Ağasəlim bizə öyrətdi ki, gördünüz sizdən böyük gəlir, ayağa qalxın. Deyirdi ki, 3 nəfər dayanıb söhbət edirsinizsə, bir nəfər keçirsə, gülməli söz deyilsə, gülməyin. Elə bilər ki, ona gülürsünüz. Ağasəlim bizə çox həyat dərsi keçib. Ona çox meyxana həsr etmişəm” deyə Ağamirzə Məmmədov deyib.

Mənbə

Share: