Alimentin müddəti artırıla bilər

Alimentin müddəti artırıla bilər
Azərbaycanda nikahı pozulan valideynlərin ali məktəbdə təhsil alan övladlarına həmin müddətdə də aliment ödəmələri təklif olunur.
Milletinsesi.az xəbər verir ki, bu təklifi Milli Məclisin bugünkü plenar iclasında deputat Məlahət İbrahimqızı səsləndirilib.
Bildirilib ki, Ailə Məcəlləsindəki bir məsələ dövlətin həyata keçirdiyi humanist və sosialyönümlü siyasətlə müəyyən qədər ziddiyyət təşkil edir:
“Valideynlərini itirmiş uşaqlara dövlətimiz büdcədən müavinət verir. Əgər 18 yaşından sonra həmin uşaq ali məktəbdə təhsil alırsa, səhv etmirəmsə, 23 yaşa qədər o müavinət davam etdirilir. Amma ailədə nikah pozulduğu halda, valideynlərin övladları qarşısında öhdəliyində problem var. Belə ki, onlar alimenti 18 yaşadək verdikdən sonra uşaq hətta ali məktəbdə oxuduqda ona aliment verilmir. Bu, könüllü qaydada həll oluna bilər. Mövcud qanunvericilikdə belə ehtiva edilir. Dövlətimiz bu ağır yükü büdcənin hesabına üzərinə götürsə, təhsil aldığı halda həmin uşağa 23 yaşına qədər müavinət verilsə, nədən valideyn ali təhsil müddətində də aliment verməsin? Türkiyədə, eləcə də Avropanın bütün ölkələrində bu, qanunvericilikdə öz əksini tapır. Nikah pozulduğu halda valideynin övladına ali məktəbi bitirənə qədər aliment verməsi məcburi öhdəlikdir”.
Milli Məclisin sədri Sahibə Qafarova Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi sədri Əli Hüseynliyə və Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyevə tapşırıq verib ki, sözügedən məsələ ilə bağlı birlikdə arayış hazırlansın və ona təqdim olunsun.
Spiker qeyd edib ki, daha sonra bu, onlar arasında müzakirə olunacaq.Oxu.az
Share: