Almaniya diplomatik nümayəndəliklərinin əməkdaşlarının bir hissəsi Rusiyanı tərk edib

Almaniya diplomatik nümayəndəliklərinin əməkdaşlarının bir hissəsi bazar ertəsi Rusiyanı tərk edib.

Bu barədə Almaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda Rusiyanı tərk edən Almaniya vətəndaşlarının sayı göstərilməyib.

Qeyd olunub ki, martın ortalarında Rusiya diplomatik missiyasının bir sıra əməkdaşları fəaliyyətlərinin diplomatik statusa uyğun olmadığı üçün Almaniyanı tərk edib. “Rusiya hökuməti də öz növbəsində Almaniya nümayəndəliklərinin eyni sayda əməkdaşını ölkəni tərk etməsini xahiş edib. Həmin əməkdaşlar bu gün, mayın 1-də Rusiyanı tərk ediblər”, – deyə Almaniya Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

Qeyd edək ki, bir müddət əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Berlinin hərəkətlərinə cavab olaraq 20-dən çox alman diplomatının Moskvadan qovulacağını bildirib. Öz növbəsində, Bild qəzeti mənbələrinə istinadən 90-a yaxın alman diplomatından 34-ünün Rusiyanı tərk etmək məcburiyyətində qaldığını iddia edib.

Mənbə

Share: