ANAMA: “İxtisasartırma təlimləri davam edir”

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) kadr potensialının inkişafı məqsədilə mütəmadi olaraq sahə işçilərinin bilik və bacarıqlarının artırılmasına dair müvafiq təlimlər və ixtisasartırma kursları icra edir.

Bu barədə ANAMA-dan məlumat verilib.

Bildirilib ki, təmizləmə bölmələrinin bir qrup minaaxtaranlarına Agentliyin Təlim şöbəsi tərəfindən “Bölmə və Qrup rəhbəri” təlimləri keçirilib.

Təlimlərin başlıca məqsədi mütəxəssislərin nəzəri və praktiki bilik, eləcə də texniki peşə bacarıqlarının artırılmasıdır.

“Bölmə və Qrup rəhbəri” təlimlərində xəritəçəkmə, onların oxunması, şərti işarələr, kompas və digər naviqasiya cihazlarından istifadə qaydaları, mina və partlamamış hərbi sursatların tanınması, partlayış növləri və işədüşmə üsulları, eləcə də vəzifə öhdəlikləri, bölmələrin idarəedilməsi və təhlükəsizlik qaydaları öyrədilir.

Təyin olunan qiymətləndirmə meyarlarına əsasən təlimlərdən keçən əməkdaşlar müvafiq sertifikatlar əldə edərək, fəaliyyətlərini icra edəcəklər.

Kadr potensialının gücləndirilməsi, əməliyyatlara cəlb edilən yeni minatəmizləmə qruplarının peşəkar bölmə və qrup rəhbərləri ilə təmin olunmasına zəmin yaradır.

Mənbə

Share: