
Kəlbəcərdən 30 ildi çıxmışdı. Kəlbəcərdən canı çıxmışdı, ürəyinisə o dağlarda qoyub gəlmişdi, daha doğrusu, doğulduğu Başlıbel kəndində.
Kəlbəcərlilər, kolanılılar və kürdlər bir-birini «əmioğlu» deyə çağırır. Biz də bir-birimizə «əmioğlu» deyirdik. Kəlbəcər azad olunanda uşaq kimi sevinirdi. Deyirdi ki, sənə Başlıbeldə bulaq başında bir quzu kəsəcəm. Qismət deyilmiş.
Bir dəfə Ağcakənddə gördüm ki, oğluna at çapmağı öyrətmək istəyir, amma məlum oldu ki, özü at çapa bilmir. Hətta atın üstündə qorxa-qorxa oturur. Güldüm. Dedim ki, əmioğlu, dağlar oğlu olasan, at çapa bilməyəsən? Cavab verdi ki:
– Dağları doyunca gördüm ki? Atı doyunca mindim ki, çapa da biləm? Deyirəm heç olmasa oğlum ata öyrəşsin. Allah qoysa, Kəlbəcər azad olunandan sonra o dağlarda at səyiridə bilsin.
Sözün düzü, heç mən də at çapa bilmirəm. Atın da maşın kimi sürət ötürücüsü var və üç sürəti var – ikəm, üçəm, dördəm. Kənddə olanda ha istədim üçəmdən dördəmə keçə bilmədim. Kənddəki uşaqlar da mənə gülürdü. Halbuki məndən balaca uşaqlar yəhərsiz ata sıçrayıb minirdilər və dördnala çapırdılar, hələ bir şahə da qaldırırdılar.
At çapa bilməyən əmioğlum getdi Kəlbəcərə. Kəndlərində qoyduğu ürəyinin dalınca və ürəyini tapdı. Bir-birini sevinclə necə qucaqladılarsa sevincdən ürək dözmədi və partladı. Və ruha çevrilib həmişəlik qaldı doğma dağlarda.
İndi Sücaətlə, Bəhmən Vətənoğluyla ağsaqqal Şamil Əsgərovun başına yığışıb dərdləşirlər.
Mən də ilk dəfə Ağdama girəndə elə olmuşdum. Nədənsə Allahın mənə yazığı gəldi. Kaş Allahın Zülfüqara da yazığı gələydi, heç olmasa doyunca Kəlbəcəri görəydi.


