Aylıq 40 manat, həbsxanaya yaxın iş yeri və təhsil…

Bu yaxınlarda Ombudsmanın Milli Məclisə təqdim etdiyi hesabatda cəzaçəkmə müəssisələri ilə bağlı bir sıra təkliflər yer alıb. Hesabatda təhlükə törətməyən və az ağır cinayət törətmiş 18-24 yaş arası məhkumlar üçün xüsusi cəzaçəkmə müəssisəsinin yaradılması təklif edilir.

 

Ombudsman cəza-icra qanunvericiliyində və digər qanunvericilik aktlarında xüsusi ictimai təhlükə törətməyən və az ağır cinayət törətmiş 18-24 yaş arası məhkumların fərqli rejimdə cəza çəkməsinə imkan verən dəyişikliklərin edilməsi və belə məhkumların cəzasını çəkməsi üçün xüsusi cəzaçəkmə müəssisəsinin yaradılmasını məqbul hesab edib.

 

Qeyd edək ki, Azərbaycanda bir neçə növ cəzaçəkmə müəssisəsi var. Modern.az Azərbaycanda mövcud olan cəzaçəkmə müəssisələrini araçdırıb.

 

Ümumi rejimli cəzaçəkmə müəssisələri

 

Ümumi rejimli cəzaçəkmə müəssisələrində qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə müəyyən müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, həmçinin ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə 5 ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, həmçinin cəzaları müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilmiş şəxslər cəza çəkirlər.

 

Qanunvericiliyə görə, bu tipli müəssisələrdə 1250 nəfər saxlanılmalıdır. Burada ehtiyatsızlıqdan törədilmiş, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə məhkum olunmuş kişilər ilk dəfə ağır cinayətlərə görə məhkum olunmuş və ciddi rejimli cəzaçəkmə müəssisələrindən keçirilmiş kişilərdən ayrı saxlanılırlar.

 

Bu tipli cəzaçəkmə müəssisələrində saxlanılan məhbuslar ərzaq məhsulları və ən zəruri mallar əldə etmək üçün ayda əlli manatadək miqdarda pul xərcləyə bilərlər,  il ərzində qısa müddətli qırx səkkiz görüş və uzun müddətli dörd görüş almaq, qırx səkkiz bağlama, sovqat və ya banderol almaq hüququna malikdirlər. Məhkumlar cəzanın icrası qaydalarını pozmadıqda və əməyə vicdanla yanaşdıqda, cəza müddətinin ən azı üçdə birini çəkdikdən sonra onların saxlanılması şəraiti yaxşılaşdırıla bilər.

 

Ciddi rejimli cəzaçəkmə müəssisələri

 

Ciddi rejimli cəzaçəkmə müəssisələrində xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş, habelə cinayətlərin residivi zamanı, yəni əvvəllər müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxslər və cinayətlərin xüsusi təhlükəli residivinə görə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş qadınlar cəza çəkirlər.

 

Bu cəzaçəkmə müəssisələrində də maksimum 1250 nəfər saxlanılmalıdır. Ciddi rejimli cəzaçəkmə müəssisələrində məhkumlar ərzaq məhsulları və ən zəruri mallar əldə etmək üçün ayda qırx manatadək miqdarda pul xərcləyə bilərlər. Burada saxlanılan məhbuslar il ərzində qısa müddətli on iki görüş və uzun müddətli iki görüş almaq, on iki bağlama, sovqat və ya banderol almaq hüququna malikdirlər. Bir müddər sonra onların saxlanılması şəraiti yaxşılaşdırıla bilər.

 

Xüsusi rejimli cəzaçəkmə müəssisələri

 

Xüsusi rejimli cəzaçəkmə müəssisələrində cinayətlərin xüsusi təhlükəli residivinə görə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş və ömürlük azadlıqdan məhrum etmə növündə cəzası müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz olunmuş kişilər cəza çəkirlər.

 

Buraya cəza çəkməyə göndərilmiş məhkumlar kamera tipli otaqlarda saxlanılırlar. Məhkumlar bu müvafiq qaydada kamera tipli otaqlardan adi yaşayış binalarına keçirilə bilərlər. Bu tipli müəssisələrdə maksimum 400 nəfər saxlanıla bilər.

 

Məhkumlar ərzaq məhsulları və ən zəruri mallar əldə etmək üçün ayda otuz beş manatadək miqdarda pul xərcləyə bilərlər. Onlar il ərzində qısa müddətli altı görüş və uzun müddətli iki görüş almaq, səkkiz bağlama, sovqat və ya banderol almaq hüququna malikdirlər.

Məntəqə tipli cəzaçəkmə müəssisələri

 

Məntəqə tipli cəzaçəkmə müəssisələrində maksimum 250 nəfər saxlanıla bilər. Burada ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə 5 ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər və ümumi rejimli cəzaçəkmə müəssisələrindən keçirilmiş şəxslər cəza çəkirlər. Ümumi rejimli cəzaçəkmə müəssisələrindən keçirilmiş ağır və ya az ağır cinayətlərə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər məntəqə tipli cəzaçəkmə müəssisələrində digər məhkumlardan ayrı saxlanılırlar.

 

Qanunvericiliyə kişi və qadın məhkumlar eyni məntəqə tipli cəzaçəkmə müəssisələrində saxlanıla bilərlər. İştirakçılıqla cinayət törədən şəxslər bir qayda olaraq ayrılıqda cəza çəkirlər.

 

Burada saxılanılan məhkumların hüquqları daha çoxdur. Onlar mühafizəsiz, lakin nəzarət altında saxlanılırlar və müəyyən edilmiş nümunəli şəxsiyyəti təsdiq edən sənəd daşıyırlar,  yuxudan durmaq vaxtından yatmaq vaxtınadək müəssisədə sərbəst hərəkət edə, məhdudiyyət qoyulmadan qohumları ilə və başqa şəxslərlə yazışa və görüşə, bağlama, sovqat və ya banderol ala bilərlər.

 

Məhkumlar cəzaçəkmə müəssisəsində gündə bir dəfə müddəti on beş dəqiqə olmaqla telefonla danışa və ya videogörüş keçirə, məişətdə istifadə edilən ümumi paltar geyinə, pul və qiymətli şeylər gəzdirə, puldan qeyri-məhdud istifadə edə bilərlər. Məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkən məhkumların kommunal, yemək, maddi-məişət, tibbi-sanitariya və digər təminatları dövlət hesabına həyata keçirilir.

 

Cəzaçəkmə müəssisəsindən kənarda müəssisəyə yaxın ərazidə işə düzələn və ya ali, orta ixtisas, peşə təhsili müəssisələrində təhsil alan məhkumlar cəzaçəkmə müəssisəsinin müdiriyyətinin icazəsi ilə sutkada on iki saatdan artıq olmayan müddətdə müəssisədən kənarda, lakin Azərbaycan Respublikasının ərazisi hüdudlarında nəzarətsiz hərəkət edə bilərlər. Bu halda müəssisənin müdiriyyəti tərəfindən qəbul edilən qərarda hər bir məhkum üçün fərdi şəkildə tərtib olunan cəzaçəkmə müəssisəsindən çıxma və cəzaçəkmə müəssisəsinə qayıtma qrafiki müəyyən edilir.

 

Cəzaçəkmə müəssisəsinin müdiriyyəti tərəfindən zəruri hesab edildikdə, cəzaçəkmə müəssisəsindən kənarda işə düzələn və ya təhsil alan məhkumun müvafiq olaraq işdən və ya təhsildən yayınıb-yayınmaması yoxlanılır. Yoxlama nəticəsində məhkumun üzrsüz səbəbdən işdən və ya təhsildən yayınması müəyyən olunarsa, qərar ləğv edilir.

 

Həbsxanalar

 

Azərbaycandakı həbsxanalarda xüsusilə ağır cinayətlər törətməyə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, cəza müddətini tam və ya onun bir hissəsini çəkməklə cinayətlərin xüsusi təhlükəli residivinə görə məhkum olunmuş şəxslər, ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər, həmçinin ümumi, ciddi və xüsusi rejimli cəzaçəkmə müəssisələrindən keçirilmiş məhkumlar saxlanılırlar.

 

Ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş və təsərrüfat və məişət xidməti işi üçün həbsxanada saxlanılmış şəxslər istisna olmaqla, həbsxanalarda saxlanılan digər məhkumlar üçün ümumi və ciddi saxlanma şəraiti müəyyən edilir.  Ümumi saxlanma şəraitində ilk dəfə həbsxanaya cəza çəkməyə göndərilmiş şəxslər və ciddi saxlanma şəraitindən keçirilmiş şəxslər saxlanılırlar. Ciddi saxlanma şəraitində əvvəllər həbsxanada cəza çəkmiş şəxslər, cəzaçəkmə müəssisələrində törədilmiş cinayətlərə görə məhkum olunmuş və ya müəyyən edilmiş qaydada tənbeh tədbiri olaraq ümumi saxlanma şəraitindən ciddi saxlanma şəraitinə keçirilmiş şəxslər saxlanılırlar. Ciddi saxlanma şəraitində olma müddəti iki aydan altı ayadək müəyyən olunur.

 

Həbsxanalarda maksimum 800 məhbus saxlanıla bilər. Məhbuslar ərzaq məhsulları və ən zəruri mallar əldə etmək üçün ayda iyirmi beş manatadək miqdarda pul xərcləyə bilərlər. Onlar il ərzində qısa müddətli dörd görüş və uzun müddətli iki görüş almaq, bağlama, sovqat və ya banderol almaq, hər gün bir saat gəzinti hüququna malikdirlər.

 

Ölkəmizdə, həmçinin yetkinlik yaşına çatmayan məhkumlar üçün cəzaçəkmə müəssisələri də mövcuddur.

 

Modern Təhlil və Araşdırma Qrupu

Mənbə

Share: