“Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır”

“Beynəlxalq siyasi münasibətlər sistemində sürətlə dəyişən güclər balansı Azərbaycanı  enerji təhlükəsizliyi sahəsində önəmli aktora çevirmişdir. Bu baxımdan qeyd etməliyik ki, Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması bütün ölkələr üçün böyük perspektivlər yaratmışdır. Sözügedən Memorandum enerji resurslarımızın daha da inkişaf etdirilməsi istiqamətində atılmış çox vacib addımdır. Bu sənəd gələcək fəaliyyətimizin yol xəritəsidir.

Bütün qeyd olunan məsələlər, həmçinin Azərbaycanın İtaliya ilə yüksələn xətlə inkişaf edən münasibətləri və xüsusilə Avropanın enerji təhlükəsizliyndə oynadığı rol sentyabr ayının 2-də Cənab Prezident İlham Əliyev İtaliyanın Çernobbio şəhərində keçirilmiş 48-ci Beynəlxalq Çernobbio Forumunda “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxışında ız əksini tapmışdır”.

Bu fikirləri Milletinsesi.az-a açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.

Deputat açıqlamasında qeyd edib ki,  Azərbaycan və İtaliya arasında siyasi dialoq olduqca fəaldır və ikitərəfli gündəliyimizə yeni, vacib mövzular daxil olunur. İkitərəfli əməkdaşlığın inkişafı üçün önəmli təşəbbüslər atılır. 2020-ci ildə İtaliya və Azərbaycan arasında strateji tərəfdaşlığa dair sənəd imzalanmışdır. İki ölkə arasında sıx əməkdaşlıq və strateji tərəfdaşlıq ilə bağlı daim geniş müzakirələr davamlı şəkildə aparılır. Onu da qeyd etməliyik ki, iki ölkə arasında enerji sahəsində əməkdaşlığın otuz ilə yaxın tarixi var. Beləki, Azərbaycan İtaliyanı neftlə təchiz edən bir nömrəli ölkədir. 1994-cü ildə müstəqilliyimizin bərpasından, sadəcə, üç il keçdikdən sonra Azərbaycan dünyanın aparıcı enerji şirkətlərini Xəzər dənizində çalışmağa dəvət edən ilk ölkə oldu. Tezliklə Avropa bazarına, əsasən də İtaliyaya neft ixrac edən ölkəyə çevrildik. Bu gün bu münasibətlərin fonunda iki ölkə  arasında siyasi dialoq yüksələn  xətlə inkişaf edir, möhkəmlənir.

Millət vəkili Tamam Cəfərova Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm rola diqqət çəkərək bildirib ki, Rusiya-Ukrayna müharibəsi nəticəsində təbii qaz məsələsi avropalıların gündəliyində ən aktual məsələlərdən biridir: “ Azərbaycanın təbii qaz ehtiyatlarına tələbat durmadan artır. İonik-Adriatik boru kəməri layihəsi var ki, o, Azərbaycan qazını üç Balkan ölkəsinə çatdıracaq. Rusiya-Ukrayna müharibəsi başlayandan Azərbaycana qaz ixracının həcminin artırılması və ya ixraca başlanılması ilə bağlı 10-dan artıq ölkədən rəsmi müraciətlər olunub. Artıq bir ilil yarım ərzində Avropaya 13,5 milyard kubmetr qaz nəql edilib ki, onun da 11,7 milyard kubmetri İtaliyanın payına düşür. Cari ildə İtaliya bazarına 10 milyard kubmetr qaz nəql etmək planlaşdırılır. Ümumi ixracımız 22 milyard kubmetrdən artıq olacaq və burada artım üçün çox böyük potensial var;

Həmçinin onu da deməliyik ki, Avropa İttifaqı və Azərbaycan arasında enerji ilə bağlı dialoqa start verilib. Buraya yalnız təbii qaz deyil, həmçinin enerji bazarının digər seqmentləri də daxil olacaq, xüsusilə elektrik enerjisi, hidrogen və yaşıl hidrogen daxildir. Bu məsələyə cənab Prezident İlham Əliyev çıxışında xüsusilə toxunaraq qeyd edib ki, “Bərpaolunan enerji sahəsinə sərmayə qoymaq mənəvi öhdəlikdir”. Bərpaolunan enerji sahələrinin Azərbaycandakı potensialı dəyərləndirilib. Xəzərin təkcə Azərbaycan sektorunda təsdiq olunmuş potensialı 157 qiqavatdır. 2020-ci ilin Vətən müharibəsində işğaldan azad olunan ərazilərdə – Qarabağ və Zəngəzurda külək, günəş və hidroenerji stansiyalarının potensialı 10 qiqavatdan çoxdur. Azərbaycan bu mühüm potensialın inkişaf etdirilməsi mərhələsindədir. Bu imkanlar ixrac üçün əlavə qaz tədarük etməyə kömək edəcəkdir. Bu, Azərbaycanın bərpaolunan enerji sahəsində beynəlxalq enerji bazarında geniş imkanlara sahib olacağının və ciddi oyunçuya çevriləcəyinin əyani göstəricisidir.

Onu da qeyd etməliyik ki, beynəlxalq münasibətlər sistemində sürətlə dəyişən çətin və mürəkkəb siyasi proseslər güc amilinin vacibliyini daha da ön plana çıxarmışdır. Artıq, beynəlxalq hüququn güc amilinə məğlub olduğunu bütün dünya görür. Bəli, dünya sürətlə dəyişir. Artıq dünya fevraldan əvvəl olduğu vəziyyətdə heç vaxt olmayacaq. Dünya dəyişib və bu dəyişikliklərin hansı axınla gedəcəyi, proseslərin necə irəliləyəcəyi Ukraynada müharibə nə qədər müddət davam edəcək və bu müharibənin sonu necə bitəcək, dünyadakı güclərin balansı hansı şəkildə olacaq kimi amillərdən asılıdır. Əminliklə deyə bilərik ki, cənab Prezident İlham Əliyevin  Liderliyi və uğurlu siyasəti nəticəsində dünyadakı güclərin balansının necə dəyişəcəyindən asılı olmayaraq, Azərbaycan beynəlxalq siyasi münasibətlər  sistemində önəmli aktorlardan birinə çevrilmişdir”.

Mənbə

Share: