Azərbaycanda bu kanal adını dəyişdi – Açıqlama

Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti (QSC) tərkibinə daxil olan televiziya kanallarının loqosunu dəyişdirib. Eyni zamanda, “İdman Azərbaycan” kanalının adı İdman TV olub.

Bu barədə Milletinsesi.az-a açıqlama verən QSC-nin mətbuat katibi Mübariz Aslanov bildirib ki, artıq hər bir kanal bayrağımızın bir rəngini özündə cəmləşdirəcək:

“Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti (QSC) 3 kanalı özündə birləşdirir. Əgər fikir verirsinizsə, hər 3 kanal özlüyündə Azərbaycanın dövlət bayrağının rənglərini özündə əks etdirir. AzTV – göy, Mədəniyyət – qırmızı, İdman – yaşıl rəngdədir. Düşünürük ki, dövlət bayrağımızın rəngləri artıq daha müasir və fərqli formada öz əksini tapır”.

QSC rəsmisi loqonun üçbucaq olmasına da aydınlıq gətirib:

“Üçbucağın rəmzi mənasına gəlincə, bu fiqurla bağlı ayrı-ayrı siyasi, fəlsəfi və dini ədəbiyyatlarda müxtəlif fikirlər və açıqlamalar var. Ən mühüm fikirlərdən biri isə üçbucağın keçmiş, bu gün və gələcəyi özündə simvolizə etməsidir. AzTV tarixi keçmişə və 63 illik zəngin ənənələrə malik doğma kanalımızdır. Odur ki, bu ənənələr qorunur və daim qorunacaq. Lakin biz müasir dövrdə yaşayırıq və müasirliklə ayaqlaşmağa çalışırıq və dəyişirik. Odur ki, zamanın tələbləri də bizim üçün önəmlidir. Amma bütün bunlarla paralel biz gələcəyə baxırıq. Üçbucağın rəmzi mənaları da budur. Beləliklə, fiqurun hər 3 tərəfi özlüyündə keçmiş dəyərlərə hörmət, müasirlik və yeniliklə ayaqlaşma və gələcək hədəflərə doğru inamla addımlamaq mənalarını təcəssüm etdirir”.

Qeyd edək ki, bu il sentyabrın 4-də Prezident İlham Əliyev Rövşən Məmmədovun Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.

 

Share: