Heydər Əliyev Beynəlxalq Aeroportu Bakıda UEFA Avropa Liqası finalının keçiriləcəyi dövr üçün xüsusi tədbirlər planı hazırlayıb.
AZAL-dan Milletinsesi.az-a verilən məlumata görə, Bakının hava limanının bütün xidmətləri gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək.
Heydər Əliyev Beynəlxalq Aeroportunun buraxılış qabiliyyəti saatda 10 min sərnişin təşkil edir və bununla da əlaqədar olaraq, heç bir aviaşirkətə müntəzəm və çarter reyslərini yerinə yetirməyə rədd cavabı verilməyəcək.
Hazırda Heydər Əliyev Beynəlxalq Aeroportu artıq mayın 28-də və 29-da çarter reyslərinin yerinə yetirilməsi üçün 45-dən artıq müraciəti təsdiqləyib. Bura həmçinin 16 biznes aviasiya reysi daxildir, 2 aviareys ilə futbol komandaları və 10 reys ilə klubların fanatları gətiriləcək. Həmçinin “Türk Hava Yolları”, “Air Arabia”, “Fly Dubai”, “ISRair”, “Jazeera Airvays” və s. kimi xarici aviaşirkətlər əlavə uçuşlar yerinə yetirmək üçün müraciət edib.
Finalın keçiriləcəyi dövrdə Heydər Əliyev Beynəlxalq Aeroportunda bütün reyslərin maneəsiz yerinə yetirilməsi və terminaldan çox sayda sərnişinin rahat keçməsi üçün bütün şərait yaradılacaq.