Azay Quliyev erməni deputatlara cavab verdi: “Ermənistan vaxtında cəzalansaydı…”

“Azərbaycan heç vaxt Ermənistana hücum etməyib, onun ərazilərini işğal etməyib. Bu, Ermənistan hakimiyyətinin sülh prosesini pozmaq, ölkəmi şantaj etmək üçün apardığı həqiqətə uyğun olmayan və uydurma təbliğatdır”.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Azay Quliyev ATƏT Parlament Assambleyasının Varşavada keçirilən iclasında erməni deputatların ittihamlarına cavab verərkən deyib.

 

O qeyd edib ki, Azərbaycan hərbi eskalasiyada maraqlı deyil.

 

“Azərbaycanın işğalçı Ermənistana qarşı hərbi cinayətlər törətdiyini iddia etmək 30 il ərzində işğalçı siyasət yürüdən, Azərbaycan ərazilərinin beşdə birini işğal altında saxlayan bir ölkənin ikiüzlülüyünün nümunəsidir”, – deputat bildirib.

 

Azay Quliyev vurğulayıb ki, Ermənistan hələ də Azərbaycanın 8 kəndini işğal altında saxlayır və öz hərbi qüvvələrinin qalıqlarını Rusiyanın sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Qarabağ iqtisadi zonasından çıxarmaqdan imtina edir. 

 

 “Əminəm ki, səlahiyyətli beynəlxalq qurumlar, o cümlədən ATƏT Ermənistanın təcavüzə və hərbi cinayətlərinə görə məsuliyyət daşıması üçün qəti addımlar atsaydı, biz ATƏT-in digər ölkələrində, o cümlədən Ukraynada növbəti kobud pozuntulardan və faciəli hadisələrdən qaça bilərdik.

 

Sonda qeyd etmək istərdim ki, Azərbaycan Ukraynanın suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını tam və birmənalı dəstəkləyir”, – deputat bildirib.

Mənbə

Share: