BƏƏ mətbuatı SOCAR-ın imzaladığı sazişdən yazdı 

“Gulf Business” portalında Əbu-Dabi Dayanıqlılıq Həftəsi çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında ölkəmizdə bərpaolunan enerji üzrə layihələrin işlənməsinə dair Birgə işlənmə sazişlərinin imzalanması barədə məqalə dərc edilib.

 

Modern.az xəbər verir ki, yazıda “Masdar” şirkətinə istinadla bu sazişlərin ümumi gücü 4 QVt olan quruda külək və günəş enerjisi, dənizdə isə külək və yaşıl hidrogenin işlənməsi üzrə layihələri əhatə etdiyi bildirilib.

 

Qeyd edilib ki, Azərbaycanda 2030-cu ilə qədər elektrik enerjisi istehsalı gücündə bərpaolunan enerji mənbələrinin payının 30 faizə çatdırılması hədəflənir.

 

Məqalədə, həmçinin vurğulanıb ki, BƏƏ-nin 2050-ci ilədək atmosferə karbon qazı tullantılarının sıfıra endirilməsi üzrə strateji təşəbbüsünün reallaşdırılmasının açarı olan “Masdar” şirkəti 2030-cu ilədək bərpa olunan enerji mənbələrinin gücünü 100 qiqavatadək çatdırmağı və ildə bir milyon tona qədər yaşıl hidrogen hasil etməyi qarşısına məqsəd olaraq qoyub.

 

“Masdar”ın Baş icraçı direktoru Məhəmməd Cəmil Əl Ramahi deyib ki, şirkət Azərbaycanı özünün əsas strateji tərəfdaş olaraq görür və ölkənin təmiz enerji üzrə layihələrini dəstəklədiyimizdən qürur duyuruq.

 

“Bu sazişlərin imzalanması əməkdaşklığmızın inkişafında vacib bir mərhələdir və bu da Azərbaycanın bərpa olunan enerji mənbələri sahəsində öz məqsədlərinə nail olmasına imkan yaradacaq və ölkənin daimi dayanıqlı inkişafını dəstəkləyəcək” – deyə o, əlavə edib.

 

Məqalədə ötən ilin iyun ayında “Masdar” şirkəti Azərbaycanın Energetika Nazirliyi ilə ümumilikdə 10 qiqavat gücə malik bərpaolunan enerji mənbələrinin hasilatı üzrə proqramın işlənib hazırlanmasına dair saziş imzaladığı qeyd olunub, bunun Azərbaycan tarixində bu sahədə imzalanmış ən mühüm sövdələşmələrdən biri olduğu vurğulanıb.

 

Xatırladılıb ki, bərpaolunan enerji sahəsində Birləşmiş Ərəb Əmirliklərinin ən böyük şirkəti olan “Masdar” hazırda Azərbaycanda 230 MVt gücündə “Qaradağ” Günəş Elektrik Stansiyası layihəsini icra edir. Stansiyanın hər il yarım milyard kilovat-saat elektrik enerjisi istehsal etməyə və atmosferə atılan tullantıların ildə 200 min tondan çox azaldılmasına imkan yaradacağı nəzərdə tutulur.

Mənbə

Share: