“Biz Zəngəzur yoluna niyə Rusiya FTX-nın nəzarət edəcəyini müzakirə edə bilmərik…”

“Məğlub olmuş ölkə bəzi şərtlərə qatlanmalıdır. Savaşın qaydalarından biri budur…”

 

“İkinci  Qarabağ müharibəsi nəticəsində biz qarşımıza tarixi ədaləti bərpa etmək hədəfini qoymuşuq və bu, təkcə Qarabağı işğaldan azad etmək deyil…”

 

44 günlük savaşdan bəri, xüsusən də 19-20 sentyabr lokal əməliyyatı sayəsində bütün Yuxarı Qarabağın da Azərbaycanın nəzarətinə qaytarılmasından sonra Azərbaycanın böyük hissəsini  Naxçıvan və Türkiyə ilə birləşdirəcək Zəngəzur yolunun açılması və 10 noyabr 2020-ci il üçtərəfli bəyanatına əsasən bu şərtin Ermənistan tərəfindən mütləq yerinə yetirilməli olduğu gündəmə gətirilir. Lakin bir məqam var ki, “Turan dəhlizi” də adlandırdığımız həmin yol sözügedən bəyanata əsasən Rusiya imperiyasının “FSB”-sinin nəzarəti altında olmalıdır.  Görəsən, bu, Azərbaycan və Türkiyə üçün nə dərəcədə məqsədəuyğundur; Rusiya imperiyası hara, Turan hara?..

 

Hazırda “Xalq” qəzetinin Türkiyə təmsilçisi kimi də fəaliyyət göstərən ermənişünas alim Qafar Çaxmaqlı mövzu ilə bağlı Moderator.az-a açıqlamasında bunları söyləyib:

 

“İkinci  Qarabağ müharibəsi nəticəsində biz qarşımıza tarixi ədaləti bərpa etmək hədəfini qoymuşuq və bu, təkcə Qarabağı işğaldan azad etmək deyil. Tarixi ədalətsizliklər nəticəsində bizim torpaqlarımız yadellilərin əlinə keçib. Naxçıvan Azərbaycanın əsas ərazisindən ayrı düşüb. Təsadüfi deyil ki, 10 noyabr 2020-ci bəyannaməsində razılaşma var ki, bu əraziləri bir- birinə bağlayan manesiz keçid olsun. Bu sənədin altına Ermənistan da imza atıb. İndi tələb etməyə haqqımız var ki, Ermənistan öz öhdəliyini yerinə yetirsin. Rusiyanın da haqqı  var ki, Ermənistandan tələb etsin ki, bu keçidə nəzarətin Rusiya Federal Təhlükəsizlik Xidməti tərəfindən gerçəkləşdirlməsini təmin etsin. Çünki bu iş razılaşdırılıb, sənədin altında Paşinyanın imzası var.  

 

Onu da müzakirə edə bilmərik ki, nədən Zəngəzur yoluna Rusiyanın FTX-sı nəzarət etməlidir?  Bu o zaman dövlət başçıları tərəfindən müzakirə edilib və  uyğun görülərək imzalanıb.  Hansısa ölkənin siyasi məqsədləri ilə bağlı mülahizələrimiz heç nəyi dəyişdirmir. Ermənistanın həmin sənədin 9-cu bəndini yerinə yetirməkdən imtina etməsi beynəlxalq prinsiplərə ziddir . Bu maneəsiz keçidin adının nə olmasının əhəmiyyəti yoxdur, biz onu “Turan yolu”, “Zəngəzur koridoru” da adlandıra bilərik, qoy Ermənistan ayrı adla isimləndirsin. Amma bu yol açılmalıdır. Həm də bu koridor yalnız bizim marağımızda deyil. Dünyanın bir hissəsinin Qərblə bağlanacaq əsas komunikasiya xəttidir, strateji əhəmiyyəti var. Ermənistanın manipulyasiyaları nəticəsində xeyli müddət bu məsələdə alver edildikdən  sonra Qərb də anlayır ki, dövlətlərin iqtisadi maraqlarını bir ölkənin şıltaq siyasətinə qurban vermək olmaz. Antalya Diplomatiya Forumunda Avropa ittifaqı da  Cənubi Qafqaz məsələləri ilə birbaşa məşğul olan Toyvo Klaaarın dilindən mövqeyini ortaya qoydu”.

 

“O da var ki, Ermənistan da o arqumenti ortalığa qoyur ki, bəhs edilən 10 noyabr bəyanatına əsasən ermənilərin Qarabağa gedib-gəlməsini təmin etməli olan Laçın “dəhlizi” artıq onlar üçün əhəmiyyətini itirdiyindən sənədin Zəngəzura aid  sözügedən bəndi də guya qüvvədən düşmüş hesab olunur” fikrinə isə Qafar Çaxmaqlı belə münasibət bildirib:

 

“Qarabağdan erməni əhalinin çıxıb getməsi və Laçın “koridoru”nun ortadan qalxması da zamanın diqtə elədiyi bir olay idi və o günün realığında buna humanitar yol kimi baxılırdı. İndi ermənilər Qarabağda yaşamırlar və belə bir anlayış da olmamalıdır. Bu məsələnin Zəngəzur keçidi ilə heç bir eyniliyi yoxdur. Öhdəliyin 9-cu bəndi yerinə yetirilməyib. Ermənistanın bundan imtina etməsi onu aradan qaldırmaq anlamına gəlməz və bu, bölgədə gərginliyin artmasına və müharibəyə səbəb olacaq məsələ olduğundan ona daha həssas yanaşılmalıdır. Bu danışıqlar predmeti kimi gündəmdədir. Hətta deyərdim ki, Azərbaycanın Ermənistanla sülh prosesində bizim əsas şərtlərimizdən birinə çevrilmişdir. Məğlub olmuş ölkə bəzi şərtlərə qatlanmalıdır. Savaşın qaydalarından biri budur”.

 

Sultan Laçın

 

 

Mənbə

Share: