“Bizim maraqlarla bütün tərəqqipərvər dünyanın maraqlarının üst-üstə düşməsi zamanıdır”

Bu gün Azərbaycanlıların həmrəylik günüdür. 2022-ci il həmrəylik tarixində xüsusi yeri olan ildir. 14 əsrlik işgal və əsarət dövründə real həmrəyliyin bütün toplum və qruplar tərəfindən ahəngdar dərk edilməsi, həm dövlət və həm də bütün əsas qüvvələr tərəfindən açıq elan olunması, bu ali məqsədə inamla yönlənməsi baş vermişdır. Tarixin çox məsuliyyətli, mürəkkəb və bununla bərabər ən şərəfli dövrünə qədəm qoyuruq. Bütün səviyyələrdə  Azərbaycan tarixində yeniliklərlə üz-üzəyik. 

 

Cəmi son otuz il ərzində çoxəsrlik əsarətə son qoyulmuş, məmləkətin bir qismində Müstəqil dövlət qurulmuş,  torpaqlar düşmən tapdağından azad edilmiş, ölkənin formalaşması prosesi sürətlənmiş, gələcək böyük quruculuq işləri üçün qüdrətli ehtiyyat sistemi yaradılmişdır. Son on dörd əsrə məxsus parçalanma meyli nisbətən aradan qaldırılmış, vahid lider və vahid ideologiya əsasında birləşmə prosesi formalaşmışdır. 

 

Məhz milli birlik və həmrəylik, incə üsul və qərarlar tarix boyu Azərbaycanı əsarətdə və cəhalətdə saxlayan, maddi və mənəvi sərvətlərini talan eyləyən şimaldan və cənubdan daimi məngənə kimi bu xalqı sıxan iki imperiyanın çökməsini, əriməsini gözümüz önünə sərgiləyir. İkinci vətən müharibəsində Azərbaycan xalqınin həmrəyliyini və gücünü bu qanlı imperiyalara açıq göstərdi, həm də Böyük Türk birliyinin təməlini qoydu. 

 

Bütün bu müsbət milli meyllər məhz hazırkı nəslin yaşam dövrünə təsadüf edir. Biz bununla qürur duymaq,  fəxr etməklə yanaşı Azərbaycan xalqı qarşısında tarixi məsuliyyətimizi dərindən dərk etməliyik. Yeni qurulacaq sistem bundan əvvəlki tarixi parakəndəlikdən, parçalanma, mütilik, meyllərindən azad olmalı, azad və cəsurluq, elm və yüksək intellekt prinsiplərinə dayanıqlı yeni dövlət formasında olmalıdır.  

 

Bu ali məqsədə çatmaq üçün tam yeni üsullar, yeni metodlarla iş, yeni milli ideologiya və bəşəri psixologiya tələb olunur. Bu guünkündən qat-qat artıq və intellektual iş tələb olunur: 

1. Bütöv Azərbaycanın virtual (sanal) variantının qurulması. Bunu heç bir beynəlxalq konvensiya, qayda və ya müqavilə qadağan etmir. İnqilablar birinci növbədə insanların beynində formalaşmalıdır. Burada dövlətin heç qarışmasına da ehtiyac yoxdur. Milli vətəndaş cəmiyyəti formalaşmalıdır. Bunu ziyalılar, alimlər, iş adamları həyata keçirməlidir. 

2. Bu portal vasitəsi ilə bütün dünya Azərbaycanlılarının informasiya bazası formalaşmalı və qısa zaman ərzində hər kəsə informasiya ötürmə kanalı yaradılmalıdır.

3. Millətin 80%-nin ana dilində yazmaq, oxumaq, təhsil almaq hüququ yoxdur, 90%-nin isə bütün milli əlifbalarda oxumaq belə imkanı yoxdur. İnformasiya ötürmək, milli prosesləri öyrənmək, ana dilində təhsil almaq üçün bu çox vacibdir. Birinci növbədə tarixi Azərbaycan əlifbalarının konvertasiyası modulunun yaradılması və bütün serverlərdə yerləşdirmək lazımdır. Həmçinin Azərbaycan dilinin smart rəqəmsal dərsliyinin işlənib hazırlanması çox zəruridir və bu təcili olmalıdır. 50 milyonluq əhalinin informasiya bazası böyük (milyardlarla) gəlir mənbəyidir. Dövrümüzdə informasiya sahibləri qüdrət -güc sahibləridir. Heç olmasa Azərbaycan toplumunun məlumat bazasından istifadə etmək bacarığına sahib olmalıyıq. 

4. Cənubi Azərbaycanda oxuyub yazmağı bacarmayan bir neçə milyon nəfər var, ana dilində oxuyub yazmagı bacarmayanların payı isə 90%-i ötür. Bu istiqamətdə təhsil orqanlarının xüsusi rəqəmsal  proqramları olmalıdır. Bununla bərabər Cənubi Azərbaycanın elm potensialı xeyli yüksəkdir. Dünyanın 32 min universitetləri içərisində Təbriz tibb Universiteti 864-cü yerdədirsə,  Azərbaycan tibb universiteti isə 6587-ci yerdədir (Cənubla  Şimalın tibbinin səviyyəsində bu fərq açıq özünü göstərir) . Bu universitetlərin bir-birinin təcrübəsindən yararlanmaq, qarşılıqlı alim professor mübadiləsi, hətta tələbə mübadiləsi üçün də təhsil orqanlarının xüsusi proqramları hazırlanmalıdır (məsələn, UNEC təcrübəsi).

5.   Həm Cənub və həm də Şimalı bölən, zəbt edən iki çürüməkdə olan imperiya bu xalqın sərvətlərini talan etmiş, böyük zərər vermişdir. Müvafiq olaraq ölkəyə dəyən zərərin həcmi trilyon dollarla ölçülür (mənim şəxsi hesablamalarıma görə Rusiyanın vurduğu maddi zərər təqribən 1,2 trilyon dollar, İranın vurduğu zərərin həcmi 1,5 trilyon dollar həcmindədir). Mənəvi zərər isə ölçü vahidinə uyğunlaşmayan həddədir. Bu talançılıq Beynəlxalq məhkəmələrə çıxarılmalıdır. Vəkillər kollegiyası, hüquq müdafiə cəmiyyətləri ciddi araşdırma aparıb,  hərəkətə keçməlidir. 

6. Hər iki imperiyanın əlaltısı olan Ermənistanla xüsusi rejimdə iş qurmaq lazımdı. Hər iki imperiyanın əli ilə  Ermənistanın Azərbaycana vurduğu maddi zərər yüz milyardlarla ölçülür, bir  milyon əhalini evsiz-eşiksiz qoymuş, amma buna baxmayaraq bizdən qabaq beynəlxalq məhkəmələrə baş vurur. Ayrı-ayrı ailələr, icmalar, viran qoyulmuş kəndlər, rayonlar, şəhərlər adından, rəsmi hökumət tərəfindən beynəlxalq məhkəmələrə on minlərlə iddia qaldırılmalıdır. 

 

Əziz həmvətənlər, yeni 2023-cü il çox məsul dövrə təsadüf edir, Azərbaycanı parçalayan, sərvətlərini talan eləyən, dünyanı təlatüm və gərginlikdə saxlayan, dünyanın iki ən qanlı imperiyasının taleyinin həll olunması gözlənilir.  Bizim maraqlarla bütün tərəqqipərvər dünyanın maraqlarının üst-üstə düşməsi zamanıdır. 

Bütün xalqımızı və sülhpərvər bəşəriyyəti tam reallıga çevrilən həmrəylik günü və yeni 2023-cü il  münasibəti ilə təbrik edirəm, şər qüvvələr üzərində qələbəni və azad və bütöv Azərbaycanın yaranmasını arzu edirəm 

 

Dərin hörmətlə, professor Saleh Məmmədov

Mənbə

Share: