Bu gün ümumdünya böyrək günüdür

2006-cı ildən etibarən bütün dünyada hər il martın ikinci cümə axşamı rəsmi şəkildə Ümumdünya Böyrək Günü qeyd edilir.

Milletinsesi.az-ın məlumatına görə, 2013-cü ilin bu gününün şüarı “Kəskin böyrək çatışmazlığının inkişafına son”dur. Ümumdünya Böyrək Günü çərçivəsində elmi-praktik konfranslar təşkil olunur, xəstəliyin profilaktikası, ictimaiyyətin maarifləndirilməsi istiqamətində müzakirələr aparılır. Keçirilən tədbirlərin məqsədi ictimai səhiyyə sahəsində çalışan mütəxəssislərin və ictimaiyyətin diqqətini geniş yayılmış xroniki böyrək çatışmazlığı, böyrək xəstəliyinin aşkarı və müalicə üsullarına yönəltməkdir.

Böyrəklər insanın ən vacib orqanları olub, orqanizmdə qanı təmizləyir və onun kimyəvi balansını saxlamağa yardım edir. Böyrək çatışmazlığı kəskin və xroniki olur. Kəskin böyrək çatışmazlığı xroniki böyrək çatışmazlığı ilə nəticələnə bilər. Xroniki böyrək çatışmazlığı hər il dünyada 4 milyon insanın ölümünə səbəb olur. Bu xəstəliyin dünyada artımına əsas səbəb hipertoniya və şəkərli diabet xəstəliyidir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, müxtəlif ölkələrdə bir milyon əhalinin 800-1200 nəfərində xroniki böyrək çatışmazlığı müşahidə olunur və onlardan 250-650 nəfəri dializ müalicəsi alır.

Share: