Bu rayonlarımıza qar yağdı, yollar buz bağladı

Ölkəmizin cənub bölgəsinə yağan aramsız yağışlar aprelin 19-da axşam saatlarından başlayaraq Lerik və Yardımlı rayonlarında qarla müşayiət olunub.

Milletinsesi.az xəbər verir ki, bu barədə Azərtac-a Lerik Rayon Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikov məlumat verib. O bildirib ki, ucqar dağlıq ərazilərdə qarın hündürlüyü 10-15, rayon mərkəzində isə 3-5 santimetr təşkil edir.

Yağan qar əhalinin elektrik enerjisi ilə təminatında, yollarda avtomobillərin və piyadaların hərəkətində problemlər yaratmasa da, meyvə bağlarına ziyan vurub.

Yardımlı Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, rayonun ucqar yaşayış məntəqələrində qarın hündürlüyü 15, şəhərdə isə 2-3 santimerdir.

Qeyd edək ki, Talış dağlarının ərazisində yerləşən Astara və Lənkəran rayonlarının bəzi kəndlərinə də qar yağıb. Report-un məlumatına görə, Lerikin yuxarı ərazilərinə yağan qar fəsadlar yaradıb. Rayonunun ucqar ərazilərində enerji verilişində problemlər yaranıb. Orand kəndində də iki gündür ki, işıqlar yanmır. Elektrik təsərrüfatı işçilərinə kənd camaatı da köməklik göstərərək yaranan problemlərin aradan qaldırılması istiqamətində işlər görür. Kənd sakinlərinin bildirdiyinə görə ərazidə qarın hündürlüyü 15-20 sm təşkil edir. Çiçəkləyən meyvə ağaclarını don vurub, təsərrüfatlara ziyan dəyib. Nuravud, Pirəsora kəndlərində, xüsusilə də Kömürgöy ərazisində qar daha çox yağıb. Şaxtalı hava səbəbindən yollar buz bağlayıb.

 

 

Share: