Bundestaq “Leopard” tanklarının Ukraynaya yubanmadan çatdırılmasını istəyir

Bundestaqın Avropa məsələləri üzrə komitəsinin rəhbəri Anton Hofrayter (“Yaşıllar” partiyası) “Leopard” döyüş tanklarının tezliklə Ukraynaya çatdırılmasına çağırıb.

 

AZƏRTAC xəbər verir ki, Anton Hofrayter bunu “Bayern” media qrupuna müsahibəsində deyib.

 

“Düşünürəm ki, Ukrayna əsgərlər arasında itkilərin azaldılması üçün “Leopard” döyüş tanklarını mümkün qədər tez çatdırmaq lazımdır”, – deyə komitə sədri bildirib. O, həmçinin Rusiya ordusunun Ukraynanın hərbi sənayesini böyük ölçüdə dağıtdığını iddia edib.

 

Almaniyanın hakim koalisiyasına daxil olan İttifaq-90/”Yaşıllar” partiyasının həmsədri Omid Nuripur da “Augsburger Allgemeine” qəzetinə müsahibəsində Ukraynaya daha çox silah tədarükünə çağırıb.

 

Avqustun 23-də Almaniya kansleri Olaf Şolts Ukraynaya əlavə olaraq üç ədəd IRIS-T hava hücumundan müdafiə sistemi, 10 ədəd zirehli maşın, 20 ədəd reaktiv yaylım atəşi sistemi, dəqiq idarə olunan hərbi sursatlar və pilotsuz uçuş aparatları verəcəyini elan edib. Silahların əsas hissəsi 2023-cü ildə, bəziləri isə daha əvvəl Kiyevə təhvil verilə bilər.

 

Mənbə

Share: