COVID-19-dan sonra yaddaş zəifliyi… – Professor

COVID-19 pandemiyasından sonra insanlar yaddaşsızlıqdan, təngnəfəslikdən şikayətlənirlər. Bəziləri bunu vaksinin fəsadı hesab edir.

 

Məsələ ilə əlaqdar Azərbaycan Tibb Universitetinin Pulmonologiya kafedrasının müdiri, professor Əlizamin Sadıqov Teleqraf.com-a açıqlamasında bildirib ki, pandemiyadan sonra insanlarda mərkəzi sinir sisteminin pozulması problemi aktuallaşıb.

 

Onun sözlərinə görə, koronavirusla əlaqədar zədəli qalan orqanlarından biri ağciyərlə yanaşı beyindir: “COVID nəticəsində ağciyər zədəsinə məruz qalan insanlarda daha çox beyin əlamətləri, yəni qoxu və dadın itməsi, baş, sinir, əzələ ağrıları və sair müşahidə edilir. Bu insanlarda vacib problemlərdən biri diqqət və yaddaş pozğunluğudur. COVID tarixdə qalıb, amma hələ də tənəffüs sistemi problemi olan, sinir sistemi zədəsinin nəticələri ilə yaşayan pasiyentlərimiz var.

 

Yaddaş pozğunluğu, bədənin müxtəlif hissələrində ağrılar, yuxu sisteminin pozulması, qoxu və dad qabiliyyətinin hələ də bərpa olunmaması – bütün hallar nevroloji statusla bağlıdır”.

 

Professor vurğulayıb ki, COVID-dən sonra zədəyə əsasən mərkəzi sinir sistemi məruz qalıb və bununla əlaqədar simptomlar hələ də müşahidə olunur: “İnsanların çoxu ağciyər zədəsi, tənəffüs ağırlaşmalarından vəfat etdi və ona görə də mərkəzi sinir sistemi ilə əlaqədar şikayətlər kölgədə qaldı. Əfsuslar olsun ki, COVID-dən sonra reabilitasiya mərkəzi olmadı, amma hələ də qeyd etdiyim qoxu, dadbilmə qabiliyyətinin itməsi ilə yanaşı, keyimələr, baş ağrılarından əziyyət çəkən insanlar var.

 

Müxtəlif sinir sisteminin müalicəsi üçün sanatoriyalarda mərkəzlər fəaliyyət göstərməlidir, nevroloji həkimlər daha da aktivləşməlidirlər. Bu, psixatrik problemdir. Bu istiqamətdə səylər artırılmalıdır”.

 

Əlizamin Sadıqov vaksinə yönəlik fikirlərlə razılaşmadığını deyib: “Peyvənd insanların həyatını xilas etdi. Bizə indi də informasiyalar gəlir, bəzi xəstələrin vəziyyəti ağırlaşır, hətta həyatını itirir. Məlum olur ki, həmin şəxs vaksin olunmayıb və xəstəliyi indiyə qədər keçirməyib. Onlar yoluxduqları zaman ağırlaşmalar olur.

 

İnsanlara tövsiyəm budur ki, vaksin olunsunlar. Virus immun yaddaşla qarşılaşmalıdır. Vaksinasıyanı kölgə altında saxlamaq, zərərli effektlərindən danışmaq doğru deyil. Milyonlarla insanın həyatını xilas edən vaksin milyonda bir insana yaxşı təsir etməyə bilər. Bunlar müqayisə ola bilərmi? Təbii ki, yox. Əhali maariflənməlidir, bu sahədə boşluqlar var”.

 

Mənbə

Share: